Press "Enter" to skip to content

Böyük Çölün haqq aşığı Jambıl Jabayev – 175

Aida Eyvazlı GÖYTÜRK

Türk insanı Boz Çöllərin sahibi olduğu kimi, onun dilini də, məişətini də gözəl bilib. Ona görə səhralarla, küləklərlə, tufanlarla da dost olmağı bacarıb. İnsanın dost ola bilmədiyi elə təkcə insanın özüdür. Çünki bir-birinə istək də, hirs də insandan gəlir.

O zamanlar idi. Üfüqlərə qədər uzanan Boz Çöllərdə də tayfa müharibələri, intriqaları olurdu. Bu tayfa müharibələrinin də əsasını mal-mülk, heyvan-qara sahibi olan bəylər, kəndxudalar edərdilər. Kaş ki, etməsəydilər. Əslində , türkün birliyini, əzmini qüdrətini qıran elə bu xırda tayfa mübarizələri oldu.

XVIII əsrin axırları, XIX əsrin ortaları Orta Asiya respublikalarında da həyat öz axarı ilə getmirdi.
Böyük Çöldə sərhəd yox idi. Bu gün yaşadığın auldan, kənddən, obadan xoşun gəlmədi, çadırını söküb, dəvəyə, ata yükləyib ailənlə birlikdə çıxıb getmək olurdu.

Böyük cüzün Şapıraşı nəslindən olan Jabay kişi də tayfa mübarizəsinin bədəlinə gəlmişdi. Hamilə həyat yoldaşı Uldanı da götürüb Alatau dağlarının ətəyinə, Jambıl əyalətinə gəldi. Qışın soyuğu-qarı səhrada yolu tapmağa çətinlik törətsə də çöl adamı yolu hava ilə, heyvanın hənirtisi, günəşin çıxıb-batması, ulduzların düzülüşü ilə bilir.

1846-cı ilin fevral soyuğu iliklərə işləyəndə Uldan yükünü yerə qoydu, ay parçası kimi bir oğlu gəldi dünyaya. Bu kəndin ətrafındakı qonşular onlara həyan oldular. Jabay çöl adamı idi. Böyük bir məşəqqəttdən canını və ailəsini qurtarıb Jambıl diyarına sığınanadan sonra rahatlıq tapmışdı. Elə buna görə də Jabay oğlunun adını Jambıl elinə uyğun olaraq Jambıl qoydu.

Səhra qadınının işi nə ola bilər? Ər səhər tezdən evdən çıxıb heyvan-qara üçün ot-ələf, odun-oduncaq, ev üçün azuqə dalınca gedər, yurtada qalan oğul-uşaq da ananın buyruğuna müntəzir olardılar. Biri heyvanları örüşə aparar, biri sağılmış südü tədarük edər, axşam da örüşdən qayıdan mal-heyvanı yerbəyer edib oğul-uşağı, ailəni rahatlayardılar. Qışı yurtanın içərisində qoyulmuş isti sobanın hesabına qızınardılar.

Qazax türkcəsində çadıra “yurt, jurt” deyirlər. Keçədən hazırlanan bərli-bəzəkli yurtaların başının üstündəki mərkəzdə olan yumru şanırakın ipini çəkər, evin havasını dəyişərdilər. Yurtanı ona görə dairəvi qururlar ki, səhra küləkləri onu aşırmasın, soyuq içəri dolmasın, Belə qurulmuş çadırların içərisi qışda isti, yayda sərin olur. Belə olur çöl işi, çöl məişəti, çöl adəti.

Jambıl da uşaqlıqdan bu səhralarda at sürüsü, heyvan sürüsü saxlayan qonşuların əhatəsində oldu. Çobanlıq edirdi. Çoban ki, sürünü səhralara yaydı, işi-gücü gözəl təbiət mənzərəsindən zövq alıb aləmi seyr etmək idi. Ətrafda kitabı-yazısı olan adam yox idi ki, təhsil alaydılar. Eşitdikləri ana-nənələrin mahnıları, böyük kişilərin rəvayətləri idi. Bu yerlərdə həm də saza-sözə böyük qiymət verərdilər. Əlində dombra və ya saz olan birisi bir tayfa içinə gəldimi, qonşu tayfalardan olanlar da həmin elə yığışardılar. Saz, dombra çalan aşıq söz qoşub dastan söyləyərdi. Gördüklərindən danışıb çöl adamını xəbərdar edərdi. Burada əlində saz gəzdirən adam həm də elin söz aparıb-gətirəni, alimi-üləması, dərd yelkəni idi. Söz qoşub oxuyan təkcə kişilər deyildi, qadınlar da elin məişətini, güzəranını bayatı-layla kimi oxuyub bir-birinə ötürərdilər.

Jabayın oğlu Jambıl 14 yaşına yetişmişdi. Əlində dombra görən adamın yanından əl çəkməzdi. Atası onun dombraya meyl etməyindən heç xoşhal deyildi. Lakin Jambıl fürsət düşən kimi Jetisu yaylaqlarında dombranı əlinə alıb dizinin-ürəyinin üstünə sıxardı. Simlərin ahəngdar səsi səhra küləklərinə qarışıb pərdə-pərdə yayıldıqca Jambıl da o musiqilərin müşaiyəti ilə söz qoşub oxuyardı. Ancaq özü də bilmirdi ki, bu dediyi şeirləri, mahnıları necə başa gətirir. Özünün haqq aşığı olduğundan xəbəri yox idi. Anası Uldan oğlunun səsinin və istedadının heyranı idi. Lakin Jabay kişi hər vəclə oğluna mane olmaq istəyirdi. Deyirdi ki, beş-on dənə heyvanımı kim idarə edəcək?

Atası razı olmasa da, anasının xeyir-duası ilə Jambıl bir gün yurdu tərk edib mahallarından xeyli uzaqda yaşayan Suyunbay Aronulının evinə gəldi. Suyunbay el aşığı idi. Arada-bərədə Jabay kişinin yaşadığı tərəflərə gedəndə Jambılın səsini dinləmiş, qoşub söylədiyi küylərə qulaq asmışdı. Bilirdi ki, bu uşağa ustadlıq etsə gözəl gələcəyi ola bilər. Onun haqdan bir aşıq olduğuna inanmışdı. Nə az, nə çox, Jambıl 6 il aşığın yanında qalıb dərs aldı, həm də ona şəyirdlik etdi.

O, elə lap gənc yaşlarında özünü öz yazdığı şer ilə belə təqdim edirdi:

Bir qarlı-tufanlı, qara gecədə
Jambıl dağlarının ətəklərində
Nə bir xoş gün gördü, nə də güzəran,
Anam məni bu dünyaya gətirdi…
El-camaat yurtumuza yığışdı,
Atam da adımı “Jambıldır” dedi.

Dərsini ustadlardan aldı. Yaşıdı və dostu Abay Kunanbayev idi. Onunla ona görə dost olmuşdu ki, Abay Kunanbayev də bəy-xan insafsızlığına, sinfi münasibətlərinə qarşı idi. Abay Kunanbayev kəndlinin, aulda yaşayan yazıq, zəhmətkeş insanların tərəfini tutub atasından dönmüşdü. Özünün varidatı ilə kənd-kəsəkdə oxumağa meyli olan uşaqlara dərs keçib kitab oxudurdu. Hər ikisi atalarından incik idilər. Bir də ki, onların dombra-söz kimi qarşılıqlı maraqları, söhbətləri var idi. Ustad məclislərinə gedərdilər.
O vaxtın toyları-düyünləri də aşıqsız, akınsız keçməzdi. Qazax dilində ifadə etsək, bütün toylarda akınlar dombra çalar, aytıs deyər, jır söyləyər, tolqav açar, dastan danışardılar. Toy sahibinin istəyinə görə, bəzən 15 gün toy çalınardı. Ucu-bucağı görünməyən boz səhralardan qonaqlar axışıb toya gələrdilər. Ona görə də hər gələn qonağı layiqincə qarşılamaq üçün toylar bir neçə gün uzanardı.

“Aytıs” sözü bizim türkcəmizdə “deyişmə” deməkdir. Artıq söhbəti-sözü, şeirləri, aytısları el-el gəzən akını böyük ustad akınlar öz aralarına almışdılar. Qazax elinin, yurdunun məşhur akınları, öz dövrünün söz və sənət sahibləri olan Aygümüş xanım, Baqıtbay, Sarı aşıq, Sarbaş, Qulanayan, Dosmaqambet, Şaşubay, Qulmanbet, Mayqot kimi böyük el aşıqları onunla söz alıb, söz verirdilər, deyişmə məclisləri təşkil edirdilər. Belə deyişmələrindən biri də böyük el akını Mayqotla olmuşdu. Ustad Mayqotun hüzuruna gələndə Jambıl onu belə salamlayır:

Əs-səlam əleyküm, ey Mayqot ağa!
Adını eşidib salama gəldim.
Səndən bata alıb, səndən izn alıb,
Səndən söz öyrənib, kəlama gəldim.

Akın Mayqot söz söyləyər ürəkdən,
Sazı uca eylər, sözü ad eylər.
Hər sözü bir öyüd, bir məktəb olur.
Eşidən kimsənin könlün şad eylər.

Bizim elə gəlib şərəf verimisiz,
Mehmanımız olub, hörmət edibsiz.
İndi qarşınızda söz demək çətin,
Siz bizə bu boyda izzət edibsiz.

Aldı görək Mayqot nə dedi:

Bərəkallah, olsun oğul Jambılım,
Səni elə nəfəsindən tanıdım,
Haqdan gəlib şirin səsin, camalın.
Alqış olsun, sözün özü səndədir.

Ulu jüzdən ayrı düşmə heç zaman.
Elin dərdin, elin yükün daşı sən.
Sözünlə ol ellərin qardaşı sən.
Sənə verdim bu batanı, al, oğul,
Dombranı qolun üstə çal, oğul.

Aldı görək Jambıl ustada nə cavab verdi:

Aumin, batanız mənə yar olsun,
Göstərdiyiniz yol qismətim olsun.
Biz toy çalaq, toyumuza gələsiz,
Mənim arzu-diləyimi biləsiz!

Beləcə, səsi-avazı, şeirləri, nəğmələri Böyük Çölün hər tərəfinə yayılır. Özbək, qırğız, türkmən toylarının, şənliklərinin qonağı olur.

Cambılın şeirlərindəki haqq-ədalət davası, xalqın malına göz dikənləri öz nəğmələrində, küylərində, jırlarında tənqid etməsi, satira atəşinə tutması onu xalqın gözündə ucaldır. O satirik şeir və jırlarında elinə xilaf çıxan, düzgün olmayan adamları həmin obrazlıarın dili ilə tənqid edir. Eyni zamanda xalqın milli və mənəvi keyfiyyətləri, sevgi, məişət şeirləri də yazıb-oxuyurdu, gözəllərə nəğmə qoşurdu.

Qımız at südündən hazrlanır. Elin akınının “Qımız” mahnısı bütün toylarda oxunur. Bu gün də xalqın milli mahnısı kimi dillər əzbəridir.

Nə turşdur, nə şirin, sarıdır rəngi,
Hər dərdin, azarın səfası qımız.
İstidə ürəyi sərin eyləyər,
Ayırmaz varlını kasıbdan qımız.

Jambılın yazdığı mahnılar qazax xalqının taleyi idi, yaşantıları, günlük qayğıları idi. O, dostu Abay kimi hər zaman kasıb xalqın yanında oldu. XIX əsrin ortalarında bu iki gənc özlərinin maarifçilik ideyaları ilə Böyük Çölə yeni mədəniyyət, yeni sivilizasiya gətirib təhsil toxumu səpməyə başlamışdılar.

Azərbaycan aşıq sənətini sevənlərin bəzisi xəbərsizdir ki, Jambıl da bir neçə dastan yazmışdı. “Ötegen Batır”, “Suresen Batır”, “Qız Jibek”, “Oraq Mamay”, “Koroğlu” kimi dastanları bu gün də el məclsilərində yada salınır.

Türk ellərinin milli qəhrəmanı “Koroğlu” dastanını o da elin-obanın toylarında ərz etmişdi. “Koroğlu” dastanının ərzi 15 gün çəkmişdi. Cənubi Qazaxıstan tərəfdə çalınan bu toy haqqında Qazaxıstan aşıq məktəbinin biliciləri hər zaman danışırlar. Bundan əlavə isə Jambıl özü də yurdunun, türk xalqının igid oğullarının adına dastanlar yazır, kənd-kənd, oba-oba gəzib həmin qəhrəmanları sözü-söhbəti, musiqisi ilə tanıdırdı.

Akın Jambılın səsi-sözü, musiqisi öz gücünü səhra küləklərindən, çiçəklərindən, yağışlarından almışdı. Elə bu Böyük Çölün küləkləri də onun yaradıcılığını, ecazkar səsini, dombranın küləyə qarışan avazını Altay dağlarının ətəklərində yerləşən ellərə – Sarı Arkaya, Jetisuya, Atırauya, Aktauya, Xəzərin sahillərinə – Bakıya yayırdı.

1913-cü ildə Jetisu vilayətində yerli məmurlar Romanovların sülaləsinin 300 illiyi münasibəti ilə aşıqların deyişmə gecəsini keçirmək istəyirlər. Məqsəd də o idi ki, qazax aşıqları bu məclisdə Romanovların hakimiyyətini mədh etsin. Jambıl həmin illərdə 70 yaşına yetişmişdi. O bu mərəkəyə etiraz edir. Xalqın milli azadlıq hərəkatının öncüllərindən biri idi. Xalqına dombrası-sözü ilə xidmət edir, yol göstərirdi. Belə vaxtlar qazax oğlanlarının müharibədə iştirak etmək üçün Rus İmperiyasının Ordusuna yığımı başlamışdı. Həmin illərdə qazaxlar Rus İmperiyası üçün döyüşməkdən imtina etdilər. Və böyük bir dirəniş göstərdilər. Xalqın üsyanını görən Çar hakimiyyəti geri çəkilmək məcburiyyətində qalmışdı.

Dünya, zaman dəyişirdi. Abay kimi, Jambıl kimi el aşıqları, el fəlsəfəsini, el dilini bilən insanlardan yeni yaranan quruluşlar xalqı sakitləşdirmək üçün istifadə etmək istəyirdilər. Bütün hakimiyyətlər belədir. Öz sözlərini xalqa elin tanınmış, sevimli və inanılmış adamı ilə çatdırarlar.

1917-ci ildə Sovet hakimiyyəti qurulanda qoca haqq aşığı da bu hakimiyyətə inandı. Bu illərdə onun yaradıcılıq potensialı birə beş artdı. Sovet dövrünün xalqa “verdiyi” azadlıqlardan, insanların kolxoz-sovxoz qurmalarından oxudu-yaratdı. Onun bədahətən dediyi şerləri isə xalq ya yaddaşında saxlayır, ya da ki, yazı yaza bilənlər köçürürdülər. Ancaq indi o, təkcə Qazaxıstanda deyil, bütün Sovet respublikalarında məşhur idi. O Sovet sosialst quruluşunda qazax xalqının folklorunu, türk xalqlarının mədəni tarixini də təşviq edirdi. Şeirlərində Vətən torpağının müqəddəsliyi, mənəvi dəyərlər əks olunurdu. Şeirləri müxtəlif dillərə tərcümə olunaraq qəzetlərdə, jurnallarda dərc edilirdi.

Boz Çöllərin köçəri oğlu olan Jambıl “Stalin mükafatı”nın laureatı olur. Yaradıcılığı o qədər geniş üfüqlərə yayılır ki, ardından da Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülür.

1938-ci ildə 75 illik yubileyi münasibəti ilə dövlət ona 12 otaqlı ev hədiyyə edir. Lakin bununla belə öz xalqının sözünü hər yerdə deməyi bacarır. 1941-ci ildə İkinci Dünya Savaşı başlayanda Jambıl Jabayevin yeganə oğlu Alqaday da döyüşə yollanır. Oğlundan aldığı məktuba belə cavab yazır:

Yazdığın sonuncu məktubun ilə,
Könlümü fərəhlə doldurdun, oğlum.
Baban Saurik və Surançı kimi,
Düşmənlə üz-üzə döyüşür oğlum.

Heç nədən çəkinmə, qorxma Alqaday,
Sən mənim qəhrəman, mərd övladımsan.
Unutma sözümü, nəsihətimi
Mənim şərəfimsən, mənim adımsan.

Düşmən qarşısında heç vaxt çəkilmə,
Yoxsa ki, haqqımı halal etmərəm.
Əgər sona qədər dayana bilsən,
Səni sözlərimlə öyəcəyəm mən,

Elimə, obama, nəvələrimə,
Sənin hünərindən deyəcəyəm mən.
Bu Vətən uğrunda döyüş sonacan,
Bu Vətən uğrunda ölməyi bacar!-

Belə bir məktub yazmışdı döyüşdə olan oğluna. Onun yeganə oğlu Alqady almanların Ukraynanın Sinelnikov şəhərinə etdikləri hücum zamanı qəhrəmanlıqla həlak olur. Bu zaman Akın Jambılın 97 yaşı var idi. Əlbəttə oğul itkisi atanın ürəyində silinməz kədər yuvası açır. 1945-ci ildə, 99 yaşında, 100 illik yubileyinə 8 ay qalmış vəfat edir. Onu Almatının Uzunaqaş deyilən qəsəbəsindəki öz əlləri ilə saldığı alma bağçasında dəfn edirlər.

Qazax xalqı böyük ədiblərini heç vaxt unutmadı. Jambul Jabayevin cild-cild kitabları əldən-ələ, dildən-dilə keçdi. 1996-cı ildə Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə Almatıda Jambıl Jabayevin 150 illik yubileyi keçirildi. Həmin yubileydə qazax milli kimliyinin mübariz siması olan akın haqqında çıxış edərkən Elbası belə demişdi: “Jambıl Jabayev qazax xalqının qədim ənənələrini, mədəniyyətini özünün nəğmələri ilə eldən-elə, dildən-dilə ötürdü. Həqiqətən də Jambıl qazax türklərinin məişətini, mədəniyyətini, ağrılarını, sevinclərini nəslidən-nəsilə ötürən, qazax mədəniyyətini qoruyan bir el sənətkarıdır. Çünki onun şeirlərinin dili o qədər sadədir ki, 5 yaşlı uşağın yaddaşına yazıldımı, axirətə qədər yaddaşda qalır. O insanı sadə və lakonik dili ilə yazırdı. Onun dastanları, nağılları, şeirləri, lövhələri, deyişmələri klassik ədəbiyyat nümunəsidir. Yaşadığı zamanın, hakimiyyətin saflığına inanırdı. Ona görə Stalinə dürlü-dürlü şeirlər də həsr etdi. Özü sadə adam olduğu üçün, hər zaman sadələri sevdi, sadələri öydü”.

Jambıl öz əsərlərində həm də xalq birliyini, xalqlar dostluğunu tərənnüm edirdi. Təsadüfi deyil ki, dünyanın tanınmış yazıçıları Rabindranat Taqor, Martin Andersen Nekse, Mixail Şoloxov, Daysen Kargerd, Aleksey Novikov-Priboy qazax xalqının haqq aşığı Jambul Javabyein yaradıcılığı haqqında yüksək fikirlər söyləmişdilər.

Bəli, onun yazı, oxu savadı yox idi. Lakin Böyük Çölün səhra istiləri, küləkləri, tufanları onun könlündə elə bir ocaq qalamışdı ki, ürəyi el dərdi üçün hər zaman bulaq kimi qaynadı. Jambıl Jabayevi ətrafındakı insanlardan fərqləndirən bir də o cəhət idi ki, o, ömrünün sonuna qədər geyim dəbini dəyişmədi. Hələ lap uşaqlığından başında Şanırak olan yurtada anasının tikib verdiyi milli paltarlar üslübunda, qazax xalqına məxsus geyimləri geyindi. Başında qazax börkü, əynində qazax kürkü, əlində dombra böyük-böyük salonlarda, qurultaylarda çıxış etdi. Haqq aşığı idi. Butası Tanrıdan gəlmişdi. Tanrı insanlar üçün yer üzünə hər zaman bir xilaskar göndərir. Abay, Jambıl kimi insanlar da qazax xalqının dünyadakı yerini göstərmək, adət-ənənəsini, tarixini bu günümüzə ötürmək üçün Tanrının Yerdəki simsarlarıdırlar. Bu gün özləri olmasa da, Tanrıdan alıb bizə verdikləri SÖZ-ləri yaşayır!

Bu il Beynəlxalq aləm qazax yurdunun adlı-sanlı akını Jambıl Jabayevin 175 illiyini qeyd edir. 160 ildir ki, Jambılın şerləri onu Alatau dağlarından da uca edib. Əsərləri dünya mədəni irs siyahısında yer alan “Jambıl Jabayev sözün əsil mənasında Böyük səhranın Homeridir”, – deyənlər isə yanılmayıblar.

Sözardı: Jambılın şeirlərinin tərcüməsi A.E.Göytürkə məxsusdur

Mission News Theme by Compete Themes.