Press "Enter" to skip to content

“Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihə başlayır

Bayraqdar.info – Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Məkanı ilə birgə təşkil olunan “Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə başlayır. Layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

“Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərə daha yaxın və daha anlaşılan edəcək.

““Mədəni yenilənmə” layihəsini həm də bu çətin pandemiya dövründə incəsənət və elm xadimlərinin rolunu və əhəmiyyətini cəmiyyətə xatırlatmaq cəhdi kimi qiymətləndirmək olar.

“Biz dünyanın hər bir yerində yaşayan soydaşlarımızla Azərbaycan auditoriyası arasında möhkəm əlaqələrin qurulmasını son dərəcə vacib hesab edirik.

“Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq.

“Layihə çərçivəsində ilk qonaq teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov olacaq”, – deyə xəbərdə bildirilir.

Həmçinin, o da qeyd edilir ki, S.Vurğun adına Dövlət Akademik Rus Dram Teatrında oktyabrın 28-də saat 19:00-da başlayacaq tədbirə giriş sərbəstdir. İştirakçı sayı məhduddur. COVİD-19 pasportunun olması mütləqdir.

Qeydiyyat üçün: 050-246-92-92 telefonla əlaqə saxlamaq tövsiyə edilir.

Mission News Theme by Compete Themes.