Press "Enter" to skip to content

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “And”

Son yeniləmə: 1 Fevral 2022 11:04

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “And” tamaşasının təqdimatı olub. Nazirliyin dəstəyi ilə ƏSA Teatrı tərəfindən hazırlanmış bu tamaşa Mərkəzdə təqdim edilən ilk səhnə əsəridir.

Bu barədə bayraqdar.info-ya fevralın 1-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, tamaşanın təqdimatında hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

O da qeyd olunub ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində fəal dövlət siyasətinin bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü nəticəsində yaradılan Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Eyni vaxtda 100-dək şəxsə müxtəlif peşə bacarıqlarının öyrədildiyi mərkəzdə xalçaçılıq, tikiş, toxuma, metal və ağac üzərində oyma, təsviri sənət, keramika, floristika, landşaft dizaynı, musiqi, audio-səsyazma və s. studiyaları, inzibati otaqlar, kitabxana fəaliyyət göstərir. Həmçinin Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik auditoriya da yaradılıb. Auditoriyada ilk dəfə olaraq “And” tamaşası təqdim edilib.

Əlilliyi olanların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsinin və cəmiyyətə tanıdılmasının dəstəklənməsi Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə aparılan işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə də fəal əməkdaşlıq edir.

Nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından başlayaraq “Göy quş” tamaşası, “Nəsimi ili”nə bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları da hazırlanaraq uğurla təqdim olunub.

J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasındahazırlanmış, modern əsaslarla quruluşu verilən “And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tamaşanın yaradıcı heyətinin bir hissəsi əlilliyi olan şəxslərdir.Tədbir iştirakçıları DOST İnklüziv və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar.

Mission News Theme by Compete Themes.