Press "Enter" to skip to content

Paket qidalar və bitki çayları allergiyanı çoxaldır – HƏKİM MƏSLƏHƏTİ

Allerqoloq-həkim Aytəkin Həsənzadə

Bayraqdar.info – Allergiya orqanzimin yad cisimlərə qarşı hiper reaksiyasıdır. Bu dəfə mövsümi allergiya və ya yaz allergiyası adı ilə tanınan və yazda baş qaldıran allergik xəstəliklərdən danışacağıq. Bayraqdar.info-nun qonağı allerqoloq – həkim Aytəkin Həsənzadədir.

“Əksər insanlarda allergiyalar xroniki olur. Bir çox hallarda qidalardan allergiya yaranır. Buna insanlar özləri də diqqət etməlidirlər, hansı qidaların qəbulundan sonra allergiya çoxalırsa, o qidanı rasiondan çıxarmaq lazımdır. Onu da qeyd edim k, əsasən paket qidalardan allergiyalar daha çox olur. Bundan başqa, ev tozundan da allergiyalar çox olur. Uşaqlarda allergiya varsa, onları ev tozundan, yumşaq oyuncaqlardan, xalça-palazdan bir az aralı tutmaq lazımdır.

Həkimin sözlərinə görə, baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər – burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Buna səbəb qızılağac, küknar, tozağacı, fındıq və az da olsa tut və çinar ağaclarının tozcuqlarının havaya daxil olmasıdır. Bu tozcuqlar həssas insanlarda allergiya əlamətlərini artırır.

A.Həsənzadə bildirir ki, əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəs almanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır.

“Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. Bu fəsildə insanların immun sistemi zəiflədiyinə görə, allergiyalar da artır. Xəstələrdə ən çox kəskinləşmə tütün çəkmə ilə baş verir. Azərbaycanda bu, əsasən kişilər arasında çox yayılıb. Siqaret çəkmə bronxlarda infeksiya yaradır və bu da nəticədə ağciyərləri zədələyir”, – deyə allerqoloq qeyd edir.

Həkimin sözlərinə görə, mövsümi allergiyaların əsasında daha çox irsi meyillilik dayanır: “Valideynlərdən birində allergiya varsa, onun uşağa keçmə ehtimalı 40 faiz, həm ana, həm də ata allergikdirsə, 80 faiz həmin xəstəlik uşaqda da özünü göstərir. Amma bu hamıda üzə çıxmır. Biz analizlər zamanı bunu soruşuruq:

“Amma bəzən peşə allergiyası adı ilə məşhur olan allergik xəstələrlə də rastlaşırıq. Xəstə peşəsi ilə bağlı uzun müddət qıcıqlandırıcı məhsullarla işləyirsə, bu zaman peşə astması adlı xəstəlik də artır. Allergiyası olan insanların orqanizmi bir çox bitkilərə normal insanlardan fərqli reaksiyalar verir. Bitkilərin, çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verməyə başlayır. Məişət tozları kimi mikroskopik gənələr də allergiyalı insanlarda həssaslıq yaradır. Bu cür allergiyalar əsasən tənəffüs sistemində özünü büruzə verir. Sonradan isə bu, mərhələli şəkildə atopik astmaya çevrilir və ağciyərlərə keçir. Əsəb-sinir sistemi elə bir sistemdir ki, insan orqanizmində müxtəlif narahatlıqlar yarada bilir. Sinir sisteminin oyaq vaxtlarında damarların tonusu dəyişir. Bu zaman da oradakı hüceyrələr allergik iltihabların meydana gəlməsində iştirak edir”.

Aytəkin xanımın sözlərinə görə, qonşu Türkiyədə allergiyanın müalicəsi üçün antibiotiklərin necə gəldi istifadəsinə məhdudiyyətlərlə bağlı çağırışlar edilib. Bizdə isə həkimlər hər kəsə antibiotik yazırlar. Əgər sırf allergik iltihabdan söhbət gedirsə, bu zaman antibiotiklərin heç bir əhəmiyyəti olmur. Hətta bəzi antibiotiklər şok effekti yaratdığı üçün onu istifadə etməzdən əvvəl mütləq xəstənin bu dərmana qarşı həssaslığını yoxlamaq lazımdır.

Həkim qeyd edir ki, allergiyadan qorunmaq üçün immun sisteminin möhkəmləndirilməsi vacib əlamətdir. Hansısa dərmanlar vasitəsilə bu xəstəliyi müalicə etmək mümkün deyil. Allergik şəxslər yaz gəlməmişdən immumitetini möhkəmləndirməli, tozcuqlara qarşı maskalardan, günəş eynəklərindən istifadə etməlidir.
Bu xəstələr üzgüçülüklə məşğul olsalar böyük effekt əldə edə bilərlər. Təmizlik vasitələri ilə də ehtiyatlı olmaq mütləqdir. Xlor tərkibli məhsullar allergiyanı artırır.

A.Həsənzadə vurğulayır ki, allergiyanın armtasında əsas şərt ətraf mühitdir. Əsəb, stress, ekologiyanın təmiz olmaması, havaya buraxılan qazlar, bitki tərkibli arıqlama çayları da allergiya yaradır:

“Allergiyası olanlara yun yorğan-döşəyi sintifon materialla əvəz eləmələri tövsiyə edilir. Düzdür, biz xəstələrə bunu deyəndə onlar etiraz edirlər ki, dədə-babalarımız qoyun əti yeyib yun yorğan-döşəkdə yatıblar, heç xəstələnməyiblər. Onlar unudurlar ki, kənd həyatı ilə şəhər həyatı arasında böyük fərq var. Kənddə torpaqla təmasda olmaq, təmiz hava udmaq allergiyanı daha tez aradan qaldırır, amma bu şəhər mühitində yoxdur. Bizim həkim olaraq vəzifəmiz xəstəliyi nəzarət altında saxlamaqdır. Bu sahədə dərmanlar çox geniş spektrdədir. Amma insanlar özlərini allergik qidalardan, siqaretdən, tozdan, allergik bitkilərdən qorumalıdırlar. Allergiyası olanlar apteklərdən əczaçının tövsiyəsi ilə dərman alıb içməsinlər. Ilk növbədə, paket qidalardan uzaq durmaq lazımdır. Xəstə öz rasionunu özü müəyyən etməlidir. Allergiyadan əziyyət çəkən xəstə bir qidanı yedikdən sonra 2-3 gün öz orqanizmini müşahidə etsin, allergiya yoxdursa, həmin qidanı rahat qəbul edə bilər. Bəzən astmalı xəstələr soruşurlar ki, gülxətmi, biyan kökü dəmləməsi qəbul edə bilərmi? Mən onlara deyirəm ki, bitki tərkibli çaylardan uzaq olun. Çünki bitkilərdə çarpaz tozlanma olur ki, bunu bilmədən qəbul etdikdə, orqanizmdə yatıb qalmış allergiyanı da oyadırsınız”.

Mission News Theme by Compete Themes.