Press "Enter" to skip to content

Turan yolunun davamçıları

Məzun sevinci

Son yeniləmə: 7 İyun 2022 20:42

Bakı Atatürk Liseyinin məzuniyyət gecəsi və 30-cu ildönümü tədbiri keçirilib

Bayraqdar.info – İyunun 6-da Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin məzuniyyət gecəsi keçirilib. Liseyin yaranmasının 30-cu ildönümünə təsadüf edən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TDAV başqanı Közhan Yazgan, hər iki ölkənin ictimai və siyasi xadimləri, millət vəkilləri, iş adamları, liseyin müəllim və şagird heyəti, media nümayəndələri və məzun valideynləri iştirak edib.

Mərasim şəhidlərin xatirəsinin anılması, eləcə də Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Cahit Bağcı: Əminəm ki, bu gənclər türk dünyası üçün layiqli vətəndaş olacaqlar

Məzuniyyət gecəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öncə Bakı Atatürk Liseyindən bu il məzun olan gəncləri təbrik edib.

Səfir Cahit Bağcı
Səfir Cahit Bağcı

Diplomat gənclərin Azərbaycanla Türkiyə arasındakı münasibətlərin gələcək inkişafında oynayacaqarı rola da toxunub: “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafında bugünkü gənclərin rolu çox böyükdür. Bakı Atatürk Liseyinin məzunlarını bu gün münasibətilə təbrik edir, onlara sağlamlıq, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bu gənclər türk dünyası üçün layiqli vətəndaş olacaqlar”.

Közhan Yazgan: Onlar da Turan Yazgan yolunu davam etdirmiş olacaqlar

TDAV başqanı Közhan Yazgan da məzunları təbrik edərək onlara uğurlar arzulayıb.

Sonuncular və birincilər

Közhan Yazqan əmin olduğunu bildirib ki, bu günkü məzunlar gələcəyin savadlı kadrları olaraq iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər: “Beləliklə onlar da Turan Yazgan yolunu davam etdirmiş olacaqlar”.

Eylem Gültekin: Bakı Atatürk Liseyi bundan sonra da türk dünyasına xidmət edəcək gənclər yetişdirəcək

Çıxış edən Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin Turan Yazgan əmanəti olan belə bir təhsil ocağına rəhbərlik etməkdən qürur duyduğunu söyləyib. Lisey müdiri deyib ki, təhsil müəissəsinin bütün müəllim heyəti gələcəyimizə töhfə verəcək nəsillərin yetişdirilməsi üçün çalışır və buna görə qürur hissi keçirirlər.

Liseyin məzunları hər sahədə bacarıqları ilə fərqlənirlər

Çıxışlardan sonra müxtəlif sahələrdə liseyə dəstək verən şəxslərin mükafatlandırılması mərasimi olub.

Həmçinin səfir Cahit Bağcı məzunların hər birinə özəl hədiyyə təqdim edib.

Məzunların rəqsləri, onların ifasında türklüyə, vətənpərvərliyə, Türkiyə-Azərbaycan qardaşlığına, türk dünyasının birlik və bərabərliyinə həsr edilmiş şeirlərin və mahnıların səsləndirilməsi ilə müşayiət olunan tədbir maraqlı anlarla yadda qalıb.

Bayraqları məzunlardan təhvil alanlar bu bayraqlara layiq olacaqlarına and içirlər

Sonda liseyin türk tarixi köklərinə söykənən ənənələrindən olan bayraq təhvil törəni olub və məzunlara liseyi bitirmələri ilə bağlı sənədlər təqdim edilib.

Mission News Theme by Compete Themes.