Press "Enter" to skip to content

Nazir Hüseyn Cavidin ev-muzeyini ziyarət edib

Nazirə məlumat verilir

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsinin əməkdaşları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.

Bu barədə sentaybrın 15-də Nazirlikdən məlumat verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Elə ziyarət də həmin sənədlə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində olub.

Məlumatda bildirilib ki, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış edib: “O, məhz yaşadığı evdə Hüseyn Cavidin ev- muzeyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. G.Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verib. Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin ev-muzeyinin rəy kitabına qeyd edib”.

Daha sonra Nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Milli Məclisinin deputatı, Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nazirliyin nümayəndələrini Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış edib. O, çıxış edərək Azərbaycan ədəbiyyatının düzgün tədqiqi və təbliği məqsədilə muzeydə aparılan elmi-tədqiqat işlərindən danışıb.

Görüşdə çıxış edən nazir A.Kərimov Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını bildirib.
Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.