Press "Enter" to skip to content

Qarabağ Zəfərindən sonra daha bir böyük qələbə gəlir – GÜNEY AZƏRBAYCAN

Məcid Cavadi Araz

BAYRAQDAR MEDİA – “Bu gün 21 Azər Hərəkatının 77-ci ildönümüdür. 77 il bundan öncə bu tarixdə İran şah ordusu Güney Azərbaycana hücum etdi, milli hökumətimizi yıxdı və xalqımıza qarşı soyqırımı törətdi. Həmin qanlı günlərdə 25 minə yaxın insanımız həyatını itirdi”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya Güney Azərbaycandakı 21 Azər (12 dekabr) Hərəkatının 77-ci il dönümüylə bağlı dəyərləndirməsində Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü Məcid Cavadi deyib.

M.Cavadi qeyd edib ki, “uzun illər xalqımız bir daha ayağa qalxa bilmədi. Həmin qanlı olaylar zamanı bütün dünya gücləri, Qərb ölkələri xalqımıza qarşı idi. Hətta Sovetlər belə əvvəlcə bizim haqq davamızı dəstəkləsə də sonra xəyanət etdi və bizi tək qoydu. Nəticədə güclü silahlanmış şah ordusunun qarşısında tək qalan xalqımız qəhrəmancasına döyüşsə də məğlub oldu”.

“Bu gün fars millətçiləri, İran millətçiləri utanmadan 21 Azər soyqırımı gününü Azərbaycanın qurtuluş günü, nicat günü olaraq adlandırırlar. Öz medialarında bununla bağlı bəlgəsəllər, raporlar, müsahibələr yayırlar. Təbii ki, bu, bizim millətimizə qarşı düşmənlikdən başqa bir şey deyil.

“Sadəcə olaraq bu dəfə 21 Azər Hərəkatının ildönümü əvvəlkilərdən fərqlənir. Belə görünür ki, artıq yeni bir inqilabın, yeni bir hərəkatın zamanı yaxınlaşıb. Bu gün İran rejimi hər zaman olduğundan daha zəif mövqedədir. Bu zəif mövqe 21 Azər Hərəkatı prizmasından da özünü göstərir. Çünki 77 il öncədən fərqli olaraq bu gün Qərb ölkələri İran rejimini dəstəkləmir. Rusiya bataqlığa düşüb. Çin ərəblərlə əməkdaşlıq edir və İrana qarşı bəyanatlar verir. Azərbaycan və Türkiyə dövlətləri bu gün son dərəcə güclü şəkildə beynəlxalq səhnədədir.

“Ən əsası isə İranda böyük bir xalq üsyanı davam edir. Burada hər an böyük bir dəyişikliyin olması gözləniləndir. Ona görə də 21 Azərin 77-ci ildönümündə yeni bir 21 Azərin yaranması ehtimalı çox güclüdür. Daxili və xarici proseslər bizim xeyrimizədir. Düşünürəm ki, Allahın köməkliyi ilə bu hərəkatımız uğur qazanacaqdır. İnşallah, İkinci Qarabağ zəfərindən sonra xalqımızı daha bir böyük zəfər gözləyir”, – deyə M.Cavadi bildirib.

Mission News Theme by Compete Themes.