Press "Enter" to skip to content

Zəlzələ. Türk dövlətləri ilk andan Türkiyənin yanındadır

Azər Həsrət

BAYRAQDAR MEDİA – Fevralın 6-da qardaş Türkiyədə böyük dağıntı və çoxsaylı insan itkilərinə səbəb olan zəlzələnin baş verməsi hamıdan öncə Azərbaycanda böyük üzüntüyə səbəb oldu. Bunun ardından Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev operativ tədbirlərə başlayaraq qardaş ölkəyə yardıma ilk gələnlərdən oldu. Aradan keçən iki gün ərzində Azərbaycandan həm hava, həm də quru yoluyla çoxsaylı yardımlar Türkiyəyə göndərildi və göndərilməyə davam edir. Bununla bərabər Azərbaycan çoxsaylı xilasedicilər də göndərərək insanların dağıntılar altından çıxarılmasında iştirak edir.

Azərbaycanın müvafiq dövlət qurumlarının fevralın 8-nə qədər açıqladığı məlumatlar bir daha təsdiq edir ki, qardaş ölkənin faciəsi ölkəmizdə eyni dərəcədə qəlbən qəbul edilib.

Beləliklə, bu ana olan məlumata görə, Azərbaycan Türkiyəyə ümumilikdə 708 nəfərlik canlı qüvvə – xilasedici, hərbi həkim və tibb personalı göndərib. Eyni zamanda xüsusi hazırlıqlı 8 it göndərilib.

3 köməkçi konteynerlə bərabər 1 mobil hospital, 375 ədəd müxtəlif ölçülü çadır, 440 ədəd çarpayı da göndərilib.

2 ədəd böyük gücə malik generator, 1 min 448 ədəd yorğan, 90 ədəd qızdırıcı, 8 min geyim dəsti, 20 min dəst corab, 650 ədəd masa, 2 min ədəd oturacaq, 7 min ədəd iplik dəsmal da qardaş ölkəyə aparılıb.

Əlavə olaraq Heydər Əliyev Fondu da 40 min ədəd isti geyim və aksesuar, 400 min ədəd dərman preparatları və tibb ləvazimatı, 60 ədəd çadır göndərib.

Qeyd olunan şəxsi heyəti və yükü aparmaq üçün ümumilikdə 7 təyyarə və 14 yük maşınından istifadə edilib.

Azərbaycanla bərabər Türk Dövlətləri Təşkiatının üzvü olan digər qardaş dövlətlər də Türkiyədəki faciəyə biganə qalmayaraq mümkün olan yardımları edir. Lakin təəssüflər olsun ki, bu haqda Azərbaycan cəmiyyətinə yetərincə bilgi verilmədiyi üçün bəzi işbazlar qardaş türk dövlətlərini gözdən salmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. İddia edirlər ki, guya türk dövlətləri yatıb, qardaş Türkiyəyə bu çətin günlərdə dəstək olmurlar.

Elədirmi?

Təbii ki, elə deyil. Şəxsən özüm ilk andan özəlliklə də türk dövlətlərinin bütün davranışlarını yaxından izləyirəm və sevindiricidir ki, onların hər biri məhz elə fevralın 6-dan başlayaraq həm canlı qüvvə, həm də humanitar yardım baxımından Türkiyəyə dəstək olur.

Türk dövlətləri qardaş Türkiyəni yıxılmağa qoymur. Bir özbək rəssamın əl işi
Türk dövlətləri qardaş Türkiyəni yıxılmağa qoymur. Bir özbək rəssamın əl işi

Beləliklə, rəsmi kanallarla aldığım bəzi məlumatları dəyərli oxucularımıza təqdim etmək istərdim.

Qardaş Qazaxıstan son olmayan bilgilərə görə, Türkiyəyə 101 nəfərlik canlı qüvvə göndərib. Bundan başqa ölkədə geniş humanitar yardım kampaniyası başladılıb. Əlavə olaraq ölkə Prezidenti Qasım-Jomart Toqayev Türkiyənin Astanadakı səfirliyinə gələrək başsağlığını bildirib, dövlət hesabına 1 mln ABŞ dolları yardımla bağlı Sərəncam verib.

Daha bir qardaş ölkə – Özbəkistan da ilk andan Türkiyənin yanında olduğunu əməldə göstərib. Yenə də tam olmayan məlumata görə, bu ölkə Türkiyəyə 60 nəfərlik canlı qüvvə göndərib. Ölkədə humanitar yardım kampaniyası başladılıb.

Digər qardaş ölkə – Qırğızıstan da ilk andan Türkiyənin yanında olduğunu göstərib. Son olmayan bilgilərə görə, 63 nəfərlik canlı qüvvə artıq zəlzələ bölgəsində xilasetmə işlərinə başlayıb. Təbii olaraq bu ölkədə də yardım kampaniyası başladılıb.

Qardaş ölkə Türkmənistandan birbaşa informasiya almaq çətin olsa da o ölkə rəhbərliyinin və xalqının baş verən fəlakətə biganə qalmadığı dəqiqdir. Rəsmi informasiyaya görə, Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Türkiyəyə tibbi ləvazimat, geyim əşyalarıyla yardımla bağlı müvafiq tapşırıqlar verib.

TDT-nin ən yeni üzvü – Kuzey Kıbrıs Türk Cümhuriyyəti isə bütün varlığı ilə Türkiyənin yanındadır. Bu ölkənin həm dövləti, həm də vətəndaşları bacara bildikləri – gücləri çatan hər cür yardımı edirlər.

Avropanın ortasındakı Atilla yurdu – Hun dövləti Macarıstan da həm canlı qüvvə, həm də humanitar yardımlarıyla Türkiyənin yanındadır.

Bütün bunlarla bərabər türk dövlətlərinin hər birinin rəhbəri, eyni zamanda ayrı-ayrı nazirləri Türkiyənin müvafiq rəhbər şəxsləri ilə şəxsən əlaqə saxlayıb, üzüntü və başsağlıqlarını ifadə edib. Eyni zamanda qardaş Türkiyəyə yardımlar təklif edilib.

Göründüyü kimi, TDT üzvü olan heç bir türk dövləti bu çətin anlarda qardaş Türkiyəni tək buraxmayıb. Amma buna baxmayaraq bəzi qüvvələr türk dövlətlərini gözdən salmaq üçün əllərindən gələni edirlər. Bunu edənlərin də böyük çoxluğu hər zamankı kimi böyük şeytan – fars-molla rejiminin idarə etdiyi İrana bağlı olanlardır…

Mission News Theme by Compete Themes.