Press "Enter" to skip to content

Azərbaycanın ürəyi Türkiyə ilə döyünür

Dos. Dr. Cahit Bağcı

Cahit Bağşı: Kimin gücü nəyə çatırsa kömək etməyə, dəstək olmağa çalışır

BAYRAQDAR MEDİA – “Azərbaycanın ürəyi Türkiyə ilə döyünür. Kimin gücü nəyə çatırsa kömək etməyə, dəstək olmağa çalışır”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu fevralın 14-də keçirdiyi brifinqdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfirlikdə keçirilən brifinqdə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə, o cümlədən hər bir azərbaycanlıya təşəkkürünü bildirən C.Bağçı qeyd edib ki, ötən ağır həftə Azərbaycan Türkiyənin yanında oldu, lazımi dəstəyini göstərdi və göstərməkdə davam edir.

Diplomat vurğulayıb ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin göstərişi ilə hərəkətə keçib.

O, zəlzələdən 6 saat keçmədən Azərbaycandan Türkiyəyə dəstək gəldiyini diqqətə çatdırıb. Səfir, həmçinin, Prezident İlham Əliyevin təlimatları əsasında bu gün də qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu deyib: “Zəlzələdən 6 saat keçməmiş Azərbaycandan yardım təyyarəsi yola düşdü. Eyni gün daha 3 təyyarə yardıma göndərildi. Qardaş Azərbaycanda-Şəkidən Astaraya, Bakıdan Zəngilana kimi bütün ürəklər Türkiyə ilə döyündü. Kimin nəyə gücü çatırsa, Bakıdakı yardım məntəqələrinə daşıdı. Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir. Bütün vətəndaşlara, sahibkarlara, Heydər Əliyev Fonduna, Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirik”.

Səfir qeyd edib ki, bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə TIR-lar və təyyarələrlə 5 min 624 çadır göndərilib: “Bunların bir qismi 30 nəfərlik böyük çadırlardır. Eyni şəkildə bu günə qədər 25 minə yaxın odeyal, 401 ton tibbi ləvazimat, 1 min 297 ədəd generator göndərilib. Bu generatorların bəziləri çox böyük generatorlardır. Onların çəkisi 2 ton olduğundan bu generatorlar karqo təyyarəsi ilə göndərilib. 6 min 240 ədəd qızdırıcı göndərilib. Bütövlükdə 737 ton ərzaq məhsulları zəlzələ bölgəsinə göndərilib. TIR-lar və təyyarələrlə göndərilən qida məhsulları ilə birlikdə yardımların cəmi 1 min 541 tondur”.

Səfir onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin səfirliyində olub və baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Mission News Theme by Compete Themes.