Son yeniləmə: 18 Dekabr 2023 16:31
BAYRAQDAR MEDİA – “Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu dekabrın 18-də açılış mərasimindən sonra işini panel sessiyalarla davam etdirib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd olunub.
Xəbərdə deyilir ki, ““Təsviri sənət və müasir çağırışlar” adlı ilk panel “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, sənətşünas Rafael Gülməmmədovun moderatorluğu ilə gerçəkləşib. Təsviri sənət sahəsində təhsil mövzusunda danışan Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru, Prof. Natiq Əliyev bu istiqamətdə görülən işlər, universitet olaraq tələbə rəssamlara yaratdıqları şərait, müştərək sərgi və müsabiqələr barədə məlumat verib. Qeyd edib ki, uşaqlara kiçik yaşlarından, hətta uşaq bağçasından təsviri sənətlə bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə bu zəncirin qırılmamasına diqqət yetirilməlidir. Rektor rəssamlıq təhsilində magistratura pilləsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb”.
Sonra xəbərdə, “Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdi çıxışında müasir şəhərsalmada rəssam işinin, demək olar ki, nəzərə çarpmadığını qeyd edib. Bildirib ki, paytaxt və bölgələrdə vaxtilə hazırlanmış mozaik əsərlər diqqətdən kənarda qalıb, bir çoxu isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzədir. İnteryer və eksteryerdə mozaik panno və tablolara diqqət artırılmalıdır. Xalq rəssamı Eldar Mikayılzadə ənənəvi sənətin müasir dildə ifadəsi məsələsinə toxunub. Heydər Əliyev Fondu tərəfindən çap olunan “İlmələrin rəqsi” kitabından danışan rəssam bu layihənin Azərbaycanın xalça sənətinin, xalça məktəblərinin dünyada təbliği baxımından önəmini qeyd edib. Vurğulayıb ki, İrəvan xalça məktəbi sahəsində apardığı tədqiqatlar üzrə daha bir nəşr ərsəyə gələcək” deyə bildirilir.
Daha sonra rəssam Anar Hüseynzadə rəqəmsal incəsənətlə bağlı fikirlərini bölüşüb. O, Qarabağ səfərlərinin rəssam kimi fəaliyyətlərində maraqlı bir iz qoyduğunu diqqətə çatdırıb. A.Hüseynzadə həmçinin rəssam əməyinin kapitala çevrilməsi üçün təhsildə marketinq üzrə ixtisasların açılmasının zəruriliyini qeyd edib.
Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.