Press "Enter" to skip to content

İqtisadi birliyimizə doğru daha bir addım

Tədbir zamanı

Yaxud İZAZDER-in təşəbbüsü ilə Bakıda keçirilən tədbir maraqlı çağırış və təşəbbüslərə yadda qaldı

BAYRAQDAR MEDİA – “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyaya nümunədir. Lakin onu da qeyd etməliyik ki, bu qardaşlıq münasibətləri yalnız ortaq dil, din və mədəni köklərlə izah edilə bilməz. Bu münasibətlər strateji müttəfiqlik, qarşılıqlı hörmət və davamlı əməkdaşlıq üzərində qurulmuş çoxşaxəli bir tərəfdaşlığa çevrilmişdir”.

Tərlan Əvəzqızı
Tərlan Əvəzqızı

Bu fikirlər İzmir Azərbaycan Dərnəyi (İZAZDER) İş Gelişdirmə Komitəsinin Azərbaycan İqtisadiyyat Nazirliyinin Türkiyə nümayəndəliyinin dəstəyi ilə təşkil etdiyi tədbirdə də bir daha bəyan edildi.

Tərlan Əvəzqızı: Son illərdə iqtisadi əməkdaşlıq bu birliyin mühüm sütununa çevrilib

“Bir millət, iki iqtisadiyyat” şüarı ilə keçirilən tədbirin aparıcısı, İZAZDER İdarə Heyətinin üzvü Tərlan Əvəzqızı onu da əlavə etdi ki, xüsusilə son illərdə iqtisadi əməkdaşlıq bu birliyin mühüm sütununa çevrilib: “Rəsmi Bakı və Ankara enerji, nəqliyyat, müdafiə sənayesi və ticarət sahələrində ortaq layihələrlə regionda sabitlik və rifahın güclənməsinə mühüm töhfələr verirlər”.

Pərviz Altay: Bu, bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasının əsas dayağıdır

Sonra çıxış edən İZAZDER başqanı Pərviz Altay dedi ki, “Bir millət, iki dövlət” fəlsəfəsi təkcə siyasi və mədəni münasibətləri deyil, iqtisadi əlaqələri də dərinləşdirən strateji bir baxışa çevrilib: “Son illərdə hər iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması, ortaq enerji və infrastruktur layihələrinin gerçəkləşdirilməsi və qarşılıqlı investisiyaların genişlənməsi bu tərəfdaşlığın gələcəyə yönəlik dayanıqlı modelə çevrildiyini sübut edir. İqtisadi əməkdaşlığın daha da gücləndirilməsi isə yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasının əsas dayağıdır”.

Pərviz Altay
Pərviz Altay

O, ümidvar olduğunu bildirdi ki, məhz bu baxış çərçivəsində Bakıda İZAZDER İş Gelişdirmə Komitəsinin təşkil etdiyi biznes platforması, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın növbəti mərhələyə keçidini simvolizə edən mühüm hadisəyə çevriləcək.

Tamer Öztürk: Məqsəd, yeni əməkdaşlıq formatlarını müzakirə etməkdir

Sonra çıxış edən İZAZDER İş Gelişdirmə Komitəsinin sədri Tamer Öztürk isə “məqsəd, iki qardaş ölkənin iş adamlarını bir araya gətirmək, yeni əməkdaşlıq formatlarını müzakirə etmək və iqtisadi sahədəki potensial imkanları reallaşdırmaqdır” dedi.

Tədbirdə həmçinin Korhan Arslan (DecoWorld Home Yapı, CEO), Barış Bayram (Fazlanet Bilgi Teknolojileri), Sefa Bilir (Mecalac İş Makineleri Ltd. Şti), Nilgün Çalık (Nil Group Eğitim Danışmanlık) və başqaları çıxış edərək, maraqlı məqamlara toxundular. Qeyd edildi ki, bu geniş spektrli iştirak, yalnız iqtisadi əlaqələrin dərinliyini deyil, həm də qarşılıqlı inamın və vizyonun yüksək səviyyəsini ortaya qoyur.

Tamer Öztürk
Tamer Öztürk

Xatırladaq ki, tədbirdə Türkiyə və Azərbaycandan müxtəlif sahələrdə fəaliyyət göstərən sənayeçilər, texnologiya şirkətlərinin rəhbərləri, startap qurucuları və investorlar iştirak etdilər. Panel müzakirələri, ikitərəfli B2B görüşləri və təqdimat sessiyaları çərçivəsində real əməkdaşlıq imkanları nəzərdən keçirildi. Həm texnoloji sahələrdə, həm də istehsal və təhsil yönümlü sektorlarda qarşılıqlı maraq doğuran layihələr müzakirə olundu və ilkin razılaşmalar əldə edildi.

Qardaşlıqdan iqtisadi inteqrasiyaya doğru

Tədbirin sonunda İZAZDER rəhbərliyi təşəkkür mesajı yayımlayaraq bu platformanın yalnız işgüzar görüş deyil, həm də ortaq tarixi-mədəni bağların iqtisadi müstəviyə daşınmasının bariz nümunəsi olduğunu vurğuladı: “Bakı şəhərində ilk dəfə təşkil etdiyimiz bu tədbir bizim üçün yalnız işgüzar bir toplantı deyil, eyni zamanda qardaşlığımızın iqtisadi sahəyə daşınmasının simvoludur. Dəvətimizi qəbul edən bütün iştirakçılara, Azərbaycan İqtisadiyyat Nazirliyinin Türkiyə nümayəndəliyinə və əməyi keçən hər kəsə təşəkkür edirik. Birlikdə daha güclü olacağıq”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Tədbirin sonunda BAYRAQDAR MEDİA-ya açıqlama verən Pərviz Altay dedi ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının bu cür real platformalarla gücləndirilməsi, “Bir millət, iki dövlət” fəlsəfəsinin “Bir millət, iki iqtisadiyyat” strategiyasına çevrilməkdə olduğunu göstərir: “Bu inteqrasiya modeli yalnız iki ölkənin deyil, bütün türk dünyasının iqtisadi gücünü birləşdirmək üçün uğurlu nümunə ola bilər. Bakıda reallaşan bu işgüzar görüş isə gələcək regional iqtisadi təşəbbüslər üçün möhkəm təməl rolunu oynayır. Onu da deyim ki, görüş zamanı iştirakçılar arasında bu cür biznes forumların mütəmadi xarakter daşımasıına dair ortaq razılıq əldə edildi. Biz də İZAZDER olaraq gələcək planlar çərçivəsində Türkiyədə və Azərbaycanda müxtəlif sahələr üzrə yeni təşəbbüslərlə çıxış edəcəyimizi və iş dünyasına daha sistemli dəstək göstərəcəyimizi bəyan etdik”.

Mission News Theme by Compete Themes.