BAYRAQDAR MEDİA – Qusar rayonunun Həsənqala kəndində Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi tərəfindən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilib. Təlimin məqsədi yerli sakinləri qeyri-ənənəvi turizm fəaliyyətləri, kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu barədə məlumatlandırmaq, Həsənqala kəndində turizm fəaliyyətləri, qonaqlara göstərilən xidmətlər, bu sahədə çətinliklər və perspektivlərlə bağlı müzakirə aparmaq idi”.
Təlimdə Qusar rayonu Həsənqala kənd sakinləri, o cümlədən turizmlə məşğul olan sahibkarlar, həmçinin kənd ziyalıları iştirak ediblər.
Təlimin rəsmi hissəsində layihənin rəhbəri Fərrux Əsgərov və təlimçi Sədaqət Qəmbərova çıxış etdilər, layihənin məqsədi, kənd turizmi və dayanıqlı inkişaf anlayışları, kənd turizminin yerli iqtisadiyyatda rolu haqqında danışlblar.
Sonra müzakirələr aparılıb. Müzakirələr zamanı qeyd olunub ki, Qusar rayonu geniş turizm imkanlarına malikdir və ölkənin ən çox turist qəbul edən bölgələrindən biridir. Həsənqala kəndinin qədim tarixi var. Bundan başqa kəndin təbiəti və qarlı qışı il boyu turizmin inkişafı üçün imkanlar yaradır. Kənd ərazisində göl var və balıqçılıq turizminin inkişaf etdirilməsi bu kəndə yerli və xarici turistlərin cəlb edilməsində əhəmiyyətli rol oynaya bilər.





