BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 idmançısı 1/4, 2-si 1/2 finala vəsiqə qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçunun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb. Azərbaycan təmsilçisi Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək. Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçu rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək”.
Daha sonra xəbərdə, “Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb. Boksçu döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək. Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. Boksçu 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionu yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək. Yarımfinala yüksələn Azərbaycan boksçuları özləri üçün azı bürünc medalı təmin ediblər. Beləliklə, 1/4 final vəsiqə qazanan boksçuların sayı 11-ə yüksəlib. Qeyd edək ki, yarışda 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz