BAYRAQDAR MEDİA – Guya illər onu zəiflədir, guya ürəyi incəlir. Amma insan dolur. Hər haqsızlıq içində özünə yer edir. Hər ayrılıq nəfəsini kəsir. Hər küskünlük bir küncə çəkilir. Hər diqqətsizlik hər boşluğu böyüdür bir az…
İnsan susur. Çünki öyrənib danışmağın hər şeyi düzəltmədiyini. Keçmir bir vaxt “keçər” dediyi ağrılar. Boğazında düyünə çevrilir “ayıb olar” deyə udqunduğu sözlər. Gecələr onu demədikləri oyadır. Onu içindən yeyir özünü günahlandırdığı hər çarəsizlik.
Küskünlük qışqırmır, dava salmır. Sadəcə geri çəkilir, səsini azaldır. Ürəkdə bir qapı örtülür… Dağılmamaq üçün… Heç kim inciməsin deyə… Sonra bir gün… adi bir söz, xırda, laqeyd baxış, bəlkə də vaxtsız deyilmiş bir cümlə… Hər şey bir gün yol tapır və o yol çox vaxt gözyaşı olur. O gözyaşı yaşanmayan illərin ağır axınıdır, deyilməmiş sözlərin səsidir, vaxtında axa bilməyən ağrının gecikmiş etirafıdır.
O, illərə görə ağlayır, vaxtında ağlaya bilmədiklərinə ağlayır, soruşulmayan “necəsən”ə görə ağlayır, dəyər verilməyən səssizliyinə ağlayır, içində yığılan küskünlüklərin yorğunluğuna ağlayır, heç kimə göstərmədiyi, bağrını dəlik-deşik edən qırıntılara ağlayır. Artıq içində yer qalmır, çünki insan nəhayət “bəsdir” deyə biləcək qədər böyüyür.
“Filankəsin yaşadığını yaşasaydı, nə edərdi?” deyənlər unudurlar ki, hər insanın yükü öz çiyninin ölçüsündədir. Müqayisə edilə bilən ağrı yoxdur. Heç kim, heç kimin çiyinlərinin ağrısını ölçə bilməz. Bir həqiqət var: hər kəs öz çəkisini daşıya bilir.
Böyüdükcə zəifləmir insan. Sadəcə daha çox incinir, daha çox susur, daha çox hiss edir, daha az izah verir.
Küskünlük üsyanın ən ləyaqətli halıdır…





