Press "Enter" to skip to content

“Qarabağ”a arxa çevirməyək…

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – “Qarabağ” uduzdu. Özü də çox böyük hesabla. TV-də baxdım. Oyunun gedişində tamaşaçılar stadionu kütləvi şəkildə tərk edirdilər. Ki, sevimli komanda niyə uduzur?

Futboldur da. Bir gün udarsan, bir gün də uduzarsan. Həm də qarşındakı “Nyu Kasl” kimi futbolu (Elman Cəfərli tərzində desək, “fidbolu”) icad etmiş bir komanda ola! “Qarabağ” uduzmasın, nə etsin? Həm də uduzduğu zaman “Qarabağ” o “Qarabağ” olmur ki?

Həmin “Qarabağ”dır bu! 10 illərdir bizə qələbə sevinci yaşadan, Azərbaycan futbolunu beynəlxalq səviyyəyə qaldıran, öz oyunları ilə ölkəmizin adını yaxşı mənada davamlı hallandıran “Qarabağ”! İndi futbolu icad edənlərə uduzdu deyə “Qarabağ”lıqdan çıxmadı bu komanda!

Dedik axı, oyundur, bir gün udarsan, bir başqa gün uduzarsan. Hələ sənin rəqibin səndən qat-qat güclü və təcrübəlidirsə, təbii ki, uduzacaqsan. Üstəlik də bu “Nyu Kasl”ın təkcə bir oyunçusunun illik büdcəsi az qala “Qarabağ”ın komanda olaraq büdcəsi qədərdirsə…

Udub-uduzmağa gəlincə, şəxsimdən deyim.

1986-1988-ci illərdə Almaniyada hərbi xidmət keçərkən batalyonun idman təşkilatçısı idim. Boşuna deyildi, yaxşı hazırlığım vardı. Sağlamdım, daim öz üzərimdə işləyirdim, səhərlər hamı 3 km qaçanda mən 6 km qaçırdım. Ağırlıq qaldırır, turnikdə dartınır, müxtəlif maraqlı hərəkətlər edirdim. Yəni idmanın yabançısı sayılmırdım.

Bir də bizimlə qonşu batalyonda Borçalıdan olan Sadıqov soyadlı bir əsgər yoldaşım vardı. Dostluq edirdik. Özü də peşəkar güləşçi idi. Boyu balaca, dolu bədənli bir gənc idi. Mənimlə müqayisədə bapbalaca görünürdü. Həmişə də bununla güləşirdik… və daim məni üstələyirdi. Özü də bir anın içində – gözümü açıb yumunca görürdüm ki, bu dostum məni aşırdı.

O deyirlər e, “yenilən idmançı güləşə doymaz”, bax, o mən idim. Deyirdim ki, “Sadıqov, belə olmaz, necə olur ki, sən bu balaca boyunla məni yenirsən? Gəl bir də güləşək”. Güləşirdik və nəticə heç də fərqli olmurdu.

Günlərin birində yenə də dirəşdim ki, güləşək. Yenə bir neçə dəfə yenildim, axırda bu Sadıqov qayıtdı ki, “Həsrətov, sən güclü ola bilərsən, elə də varsan. Amma niyə unudursan ki, mən peşəkar güləşçiyəm? Nə etsən də mənimlə bacaran deyilsən. Başqa idmanda məndən güclü ola bilərsən, amma güləş mənim işimdir”.

Düz deyirdi Sadıqov. Adam ta uşaqlıqdan güləşlə məşğul olub, peşəkar idi, müxtəlif yarışların da qalibi olmuşdu. İndi mən də durub həvəskarcasına ona qalib gəlmək istəyirdim. Olacaq şey deyildi və o iki ildə bir dəfə də olsun Sadıqovu yıxa bilmədim.

İndi deyirəm ki, biz durub “Qarabağ”dan ucdantutma hamını yenməsini gözləyirik. Olacaq şey deyil axı. Hələ “Qarabağ” bu qədər irəli çıxa bilibsə, bunun özü çox böyük uğurdur. Ona sevinək, daha uduzdu deyə stadionu tərk edib Azərbaycana bu qədər şöhrət gətirmiş doğma komandamıza arxa çevirməyək…

Mission News Theme by Compete Themes.