Press "Enter" to skip to content

Ulusun yaddaşında qanla yazılmış ünvan XOCALI

Əkbər Qoşalı

BAYRAQDAR MEDİA – 26 fevral 1992! – Soyqırım Günü. – Yüzilliyin ən qaranlıq səhifələrindən biri, azərbaycanlıların milli kimliyində silinməz bir möhür! Xocalı Soyqırımı erməni-rus silahlı birləşmələrinin törətdiyi vəhşilik olmaqla birgə, o faciənin arxasında duran dərin geosiyasi sistemlərin, imperiya ambisiyalarının və sarsıdıcı güc oyunlarının sonucudur.

Bəli, imperiyalar dəyişir, amma mahiyyət qalır…

Rusiya imperiyası XIX yüzildən XXI yüzilə qədər öz formasını, ideoloji adını dəyişsə də, mahiyyətcə təkrarlanır. Çarların genişləndirmə siyasəti, Sovet rejiminin “birlik” maskası altında hökmranlıq strategiyası və indiki Rusiya Federasiyasının postsovet ölkələrini özünün təsir dairəsində saxlama cəhdləri – hamısı bir xətt boyunca davam etmirmi? – Bu xəttin nəyə xidmət etdiyi bəllidir: müstəqil xalqların iradəsini boğmaq, sərvətləri idarə etmək və geosiyasi üstünlük əldə etmək.

Bu imperiya siyasəti Xocalı kimi faciələrlə sonuclandı – çünki imperiyalar ərazilərlə birgə, həm də xalqların ruhi gücünü, kimliyini, iradəsini mənimsəməyi hədəfləyir. Xocalıda bir sistemin uzunmüddətli məkrli məqsədləri tam çılpaqlığı ilə faş oldu.

Bəs Xocalı bu günün geopolitik xəritəsində necə görünür?

İndiki dünyada imperiyalar artıq klassik silahlı işğal modeli ilə yox, yeni hegemonluq strategiyaları ilə fəaliyyət göstərir. Rusiyanın regionda davam edən təsiri təkcə hərbi bazalar və tranzit yollarımı olub? Guya o, sosial, mədəni və siyasi sistemlərə təsir vasitələrindən imtinamı edib? – Vəhşiliklərə verilən siyasi və hərbi dəstəyi hansı səhifəyə yazmaq olar? ⁠- Sonuclar sırf torpaqların qəsbi, yaşayış məntəqələrinin simasızlaşdırılması (Xocalı – İvanyan adı qondardıqları) kimi, eləcə də, xalqların psixo-sosial yaşamını, hətta gələcəyini tətikləyir.

Bu anlamda Xocalı Soyqırımı bir tarixi hadisə olmaqla, həm də geosiyasi reallıqların, imperiya siyasətinin və milli azadlıq üçün mübarizənin qeyri-adi bir simvoludur.

Bu ildönümündə biz yalnız şəhidlərimizin ruhunu yad etmirik – biz həm də (çağdaş və gələcək geosiyasətin şərtləri ilə üz-üzə qaldığımız bir dünyada) öz mövqeyimizi necə qoruyacağımızı düşünürük. Düşünürük, fikirləşirik, danışır-yazırıq, hərəkət edir, davranırıq, xarakterləşdiririk və öz yığvalımıza yiyə dururuq.

Beləliklə, müstəqillik sadəcə status kimi qavranılmamalıdır; o, davam edən şanlı mübarizədir.

Xocalı tariximizin qanlı səhifəsidir – amma bu səhifə, həm də millətin nə üçün müstəqilliyə, suverenliyə və öz yoluna sadiq qalmalı olduğunu göstərən ən acı isbatdır. İmperiyalar dəyişə bilər, adlar dəyişə bilər, taktika dəyişə bilər – amma azadlıq diləyi heç vaxt yox olmur!

Xocalı – yaddaşın sərhəd xətti

Xocalı – milli iradənin sınaq meydanı

Xocalı – tarixlə gələcək arasında vicdan körpüsüdür.

Tarixi yaddaşın səsi nəyi, niyə və necə çağırır? – ən başda, unutmamaq gəlir; unutmamaq – əsl gücdür.
Xocalı həsrəti yalnız acı xatirələr ola bilməz. Bu gün Xocalıda, Qarabağda nə rus, nə erməni hərbçisi yoxdur.
Onların nə Xocalıdan, Qarabağdan çıxmaq kimi bir niyyəti yox idi; amma niyyətləri-niyyətsizlikləri qarışıq bizim ərazidən yox oldular, rədd oldular, dəf oldular!

Biz qalib ölkəyik, biz məğrur xalqıq. Acılarımızı da unutmuruq, qalibiyyətimizin də dəyərini bilirik.

Gələcəyin vicdanına səslənişimiz var. İmperiyaların mahiyyəti dəyişməyə bilər, amma xalqların iradəsi dəyişə bilər. Tarixi unutmaq, keçmişin kölgəsində yaşamaqdan ötə bu kölgənin gələcək nəsillərin yolunu kəsməsinə yol verməkdir. Bizim belə yolsuzluğumuz ola bilməz.

Dövlətimiz zaval görməsin!

Mission News Theme by Compete Themes.