BAYRAQDAR MEDİA – Tarix, insan toplumunun keçmişini, ictimai münasibətləri, mədəniyyəti və hadisələri qaynaqlar əsasında sistemli şəkildə öyrənən elmdir. O, keçmişdə baş vermiş faktları araşdıraraq, onların səbəb-sonuc bağlarını incələyir və insanlığın inkişafını xronoloji ardıcıllıqla sənədləşdirir.
Yerin günbatarında “tarixin atası” Herodot sayılır; bəs gündoğarda? Bəs milli tariximizdə? Məncə, gündoğarda tarixin atası da, anası da tarixin özüdür; Herodotun tam obyektiv olduğunu neçə Herodot təsdiq edib və ya etməlidir?
Herodotsuz tarix tarix deyilmi? Bəlkə hər obyektiv, dərin və üfüqügeniş tarixçi elə özlüyündə atadır yaxud anadır? Məsələn, milli tarixşünaslığımızda Şara Aşurbəyliyə belə baxanda analıq etməyibmi?.. Yaxud Ziya Bünyadov Atabəhlər dönəmimizi elə, ata siqlətiylə yazmayıbmı?..
İndi mövzumuz böyük anlamda tarix yaxud milli tarixşünaslıq deyil; bu kontekstdə konkret bir dönəmə və bir hadisəyə diqqət çəkmək istəyirəm. Söhbət 108-il bundan öncə və Xalq Cümhuriyyətimizin elanından 2 ay öncələrdə baş vermiş Azərbaycanlıların Soyqırımı aktlarından gedir…
Bəli, tarix bəzən kitab səhifələrində yazılmır – o, torpağın altına basdırılır. Bəzən yazılmır – susdurulur…. Bəzən isə… yazdırılır – qanla…
31 Mart – yaddaşın qanayan yeridir.
31 Mart – ulusun ruhuna vurulmuş möhürdür.
31 Mart – unudulsa, ulusun özünü unutması demək olardı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı 690 saylı Fərman, haqlı olaraq, Azərbaycan həqiqətlərini, tarixi gerçəklərin dünyaya çatdırılmasını siyasi-hüquqi və mənəvi borc kimi qarşıya qoyurdu. Bu, əlbəttə, sadəcə tarixçilərin işi deyil; bəli, bu – millətin vicdan işidir.
Mifdən cinayətə: “Böyük Ermənistan” sindromu
Tarixin ən təhlükəli ideyaları həmişə mif kimi başlayır. “Böyük Ermənistan” da belə bir mif idi –
amma mif kimi qalmadı. O, xəritəyə çevrilmək istəyəndə, öncə insanları silmək qərarı verildi. Qərar və qərarvermə yetkisi…
-Qərar nədir, onu kimlər verə bilər? – Bax, ermənilər (öz havadarları ilə birgə) məhz bu məqamda çaşdılar; lakin öz çaşqın qərarlarının aqibətini illər sonra görəcək, biləcək və dərs alacaqdılar… Və ola bilsin, dərsalma hələ davam etməli olacaqdır.
1918-ci ilin mart-aprel günləri – bu mifin qanlı sınaq mərhələsi oldu.
Bakıdan Şamaxıya, Qubadan Zəngəzura qədər böyük bir coğrafiya – bizim milli ərazilərimiz və yalnız coğrafiya da deyil, bütövlükdə ulusumuz hədəf seçildi.
Bu artıq müharibədən ötə planlı yaddaş qətli idi. Bəli, on minlərlə insan qətlə yetirildi. Bəli, kəndlər yandırıldı, şəhərlər viran qoyuldu.
Amma əsas məsələ bu idimi?.. Əsas məsələ – o evlərlə birlikdə xatirələrin yandırılması idi; o məscidlərlə birlikdə inancın uçurulması idi; o qəbristanlıqlarla birlikdə kökün kəsilməsi idi. Çünki soyqırımı yalnız bədəni öldürmür – düşmən gələcəyi öldürməyi planlaşdırmışdı…
Şamaxıdan Qubaya – daşlaşmış fəryad
Şamaxının 120 kəndindən 86-sı dağıdıldı – buna sadəcə statistika kimi baxmaq olarmı? Bu – bir sivilizasiyanın üzərindən xətt çəkmə cəhdi deyildimi?..
Qubada isə tarix torpağın altından danışdı. Güllə izi olmayan kəllələr, balta yaraları, mismar izləri… Ölüm var ölüm var… Qətl var qətl var… Bizdəki kimisi o vaxtadək harda görünmüşdü?..
Bunlar arxiv sənədi deyil; bunlar – necə deyərlər, insanlığın ittiham aktıdır.
Sovet dönəmi bu dəhşətli faciəni gizlətdi. Sənədlər məhv edildi, şahidlər susduruldu. Kreml qətl törədənləri qəhrəmanlaşdırmağa, qətlə uğrayanları ya unutdurmağa ya da suçlamağa çalışdı. İşə bir baxın, dövrə, zəmanəyə baxın bircə!.. Daha nə etmədilər? Yəqin indinin özündə belə, bəlli mərkəzlərdə uzun-uzun düşünürlər: Azərbaycan necə sıradan çıxmadı, nə təhər toparlandı, hansı yolla dirçələ və qüdrətlənə bildi?.. Çün, bizim qəhr olmağımız üçün rus-efməni bədnam ittifaqının etmədiyi qalmamışdı!..
Bəlkə də, çox sadə ədalət formulunu bilmədilər – haqq incələr, üzülməz! Günəşin zərrin şəfəqlərini basdırmaq, torpaqlayıb gizlətmək olmaz – o yenə ən üstə düşəcək. Qızılı da paslandırmaq, köhnəltmək olmur – ha torpaq altada, ha su içində saxla – yenə qızıl oğlu qızıldır ki qızıldır!
Amma tarix qəribədir – o, bəzən sənədlərdə yox, torpaqda qalır. Quba məzarlığı bunu sübut etdi.
Bəli, yaddaşın üstü örtülə bilər – amma silinə bilməz.
1998-ci ildə verilən siyasi-hüquqi və həmçinin mənəvi qiymət isə bir Fərmandan daha üstün anlamlar daşıyırdı.
Bu, necə deyərlər, yaddaşın dövlətləşməsi idi!
Bu, tarixə yiyə durmaq iradəsi idi.
Bu, ulusun özünə “mən varam” deməsiydi. – Çuvaşlar demiş, epir purna, pur, pulatpar! – Vardıq, varıq, var olacağıq!
Bəli, bu hadisələr keçmiş olaraq qalmadı – o, davam edən bir həqiqətdir. Çünki yaddaş – ya qorunur, ya da itirilir…
Odur ki, 31 Mart – anım yox, ayılma günüdür! 31 Martın bizə öyrətdiyi ağlamaq yox, anlamaqdır. Bu gün biz yalnız qurbanları yad etmirik; biz həm də sual veririk: olanlar niyə oldu, necə oldu və bir daha olmaması üçün nə etməliyik?
Bu sualları cavabsız qoysaq, tarix təkrar olunmazdımı?..
Unutmaq özü uduzmaq deyilmi? Yadda saxlamaq isə dirənişin özüdür.
Ulus yalnız torpaqla yox, yaddaşla yaşayır! – 31 Mart bizə bunu deyir.
Əgər yaddaş diri qalsa, ulus da diri qalacaq.
Əgər yaddaş susdurulsa, tarix yenidən yazılmalı olardı…






İlk şərhi yaza bilərsiniz