Press "Enter" to skip to content

Birbaşa uçuşların olması arzuediləndir

Müsahibə zamanı

Ünal Üstel: İki qardaş ölkə arasındakı əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsi üçün mütləq şəkildə bir hava körpüsünün yaradılması vacibdir

BAYRAQDAR MEDİA – “Biz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qardaş Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq. İlk növbədə, belə gözəl toplantıya bizi də dəvət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi-qəlbdən təşəkkür edirik”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel BAYRAQAR MEDİA-ya özəl müsahibəsində deyib. Müsahibəni gün ərzində oxucularımıza təqdim edəcəyik.

Xatırladaq ki, ötən həftə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü olub. Həmin görüşdə iştirak edən Ünal Üstel səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib.

Qardaş ölkənin Baş naziri müsahibəsində Azərbaycanla KKTC arasında iqtisadi əlaqlərin inkişafı üçün atılmalı olan addımlardan danışıb. Ünal Üstel ilk növbədə, Azərbaycan və KKTC arasında əlaqələrin gücləndirilməsi üçün müəyyən güzəştlərin tətbiq olunmasını vacib hesab etdiklərini deyib: “Arzumuz budur ki, KKTC-nin vətəndaşları öz pasportları ilə rahat şəkildə Azərbaycana səfər edə bilsinlər. İkincisi, turizmin inkişafı ilə əlaqədar azərbaycanlı qardaşlarımızın istirahət üçün KKTC-yə üstünlük vermələrini istəyirik. Kuzey Kıbrısın təbii gözəlliklərini – günəşli havasını, dənizini və mədəniyyətini yaxından tanımalarını arzulayırıq. Diqqətinizə çatdırım ki, Kuzey Kıbrıs turizminin böyük potensialı var. İki qardaş ölkə arasındakı əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsi üçün mütləq şəkildə bir hava körpüsünün, birbaşa uçuşların yaradılması vacibdir. Bu körpü sayəsində həm Azərbaycanda yaşayan qardaşlarımız, həm də KKTC-də yaşayan soydaşlarımız bir araya gələ, bir-birinin mədəniyyətini, həyat tərzini və təbii gözəlliklərini daha yaxından tanıya bilərlər. Bu qarşılıqlı gediş-gəliş xalqlarımız arasında bağların daha da güclənməsinə xidmət edəcək. Çünki biz dünyaya hər zaman belə bir mesaj veririk: ana vətənimiz Türkiyə Cümhuriyyəti, qardaşımız Azərbaycan və KKTC ilə birlikdə “bir millət, üç dövlət” anlayışını təmsil edirik. Bu birliyin daha da güclənməsi üçün ilk növbədə turizm sahəsində konkret addımlar atılmalıdır”.

“Bir daha deyirəm, əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları KKTC-yə, eyni zamanda KKTC vətəndaşları da Azərbaycana rahat şəkildə səfər edə bilsinlər. Bu istiqamətdə müəyyən addımlar artıq atılır və Azərbaycan hökumətinin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Yaxın zamanda keçiriləcək görüşlər nəticəsində bu prosesin daha da sürətlənəcəyinə inanırıq” deyə Ünal Üstel sonda əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.