KKTC-nin gercək türkçüləri yenə də bu bədəli ödəyir
BAYRAQDAR MEDİA – Türk olmağın, türkçü olmağın türk dünyası ilə birlikdə olmağın bir bədəli var. Bu, əsrlərin o başından bu başına qədər gəlmiş və təkcə söz olaraq deyil, tarix boyu özünü dəfələrlə doğrultmuş bir həqiqətdir. Türk olmağın bədəli həqiqətən də ağır olub. Əsrlər boyu türklər yalnız milli kimliklərinə görə təzyiqlərə, soyqırımlara, işğallara və əsarətə məruz qalıblar.
Lakin gerçək türklər hər zaman bu çətinliklərdən alnıaçıq, üzüağ çıxmağı bacarıblar. Tarix bunun ən böyük şahididir. Ergenekonda Dəmir dağları əridərək yenidən dirçələn, azadlığa qovuşan bir millətin övladları bu gün də eyni ruhu yaşadır.
Bu gün də türk dünyasının müxtəlif nöqtələrində bu bədəl ödənilir. Məncə, bunun ən bariz nümunələrindən biri Kuzey Kıbrıs Türk Cümhuriyyətində yaşanıb və yaşanır. Burada türk kimliyinə, türkçülük ideyasına sadiq qalan insanlar – ulusalçılar – bu yolun çətinliklərini yaşayırlar.
Şübhəsiz ki, hər bir ölkədə olduğu kimi, KKTC-də də iqtisadi və sosial problemlər mövcuddur. Qlobal proseslərin təsiri ilə insanların alıcılıq qabiliyyəti aşağı düşür, maliyyə çətinlikləri artır. Təbii ki, normal qaydalarda bu kimi problemlər dialoq yolu ilə, masa arxasında həll edilməlidir. Ancaq bu gün KKTC-də fərqli bir mənzərə müşahidə olunur. Burada gerçək türkçülərə qarşı müəyyən təzyiq və sıxışdırma hallarının artdığı görünür. Bu prosesin arxasında isə türk dünyasının, TDT-nin güclənməsini istəməyən, xüsusilə Qərbdə yerləşən bəzi qüvvələrin təsiri olduğu ehtimal edilir.
Əslində, Kıbrıs türkü bu cür təzyiq və hücumlara yeni məruz qalmır. Bu proses hələ ötən əsrin 50-ci illərindən başlayıb. Kıbrıs türkü türk olmağın bədəlini məhz o dövrdən ödəməyə başlayıb.
Enosis planı çərçivəsində həyata keçirilən qanlı aksiyalar, rum silahlı dəstələrinin törətdiyi qətliamlar tarixdə qara səhifələr kimi qalmaqdadır. Bu hadisələr müəyyən mənada Azərbaycanlıların soyqırımı zamanı erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklərlə oxşarlıq təşkil edir.
1974-cü ildə həyata keçirilən Kıbrıs Barış Hərəkatından sonra belə, Kıbrıs türkü bu bədəli ödəməyə davam edib. Beynəlxalq arenada tanınmama, siyasi və iqtisadi təzyiqlər, tətbiq olunan məhdudiyyətlər – bütün bunlar sırf türk kimliyinə görə ödənilən bədəl kimi qiymətləndirilə bilər.
Bu ağır prosesdə önə çıxan liderlər də olub. Fazıl Küçük, Rauf Denktaş, Derviş Eroğlu kimi siyasi xadimlər bu mübarizənin önündə gedərək xalqın haqq səsini dünyaya çatdırmağa çalışıblar. Müasir dövrdə isə bu xətti davam etdirən əsas fiqurlardan biri Ersin Tatar hesab olunur. Onun türk dünyası ilə inteqrasiyanı gücləndirmək, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində KKTC-nin mövqeyini möhkəmləndirmək istiqamətində fəaliyyəti açıq şəkildə müşahidə olunurdu. Məhz bu siyasətə görə ona qarşı daxili və xarici təzyiqlərin artdığı da müşahidə olundu. Onun Azərbaycana səfərləri, burada keçirilən TDT tədbirlərində KKTC bayrağı altında iştirak etməsi və qurulan əlaqələr bəzi dairələri narahat edirdi. Nəticədə isə…
Ersin Tatarın seçkilərdə uduzmasından çox, “uduzdurulması” barədə fikirlər də məhz bu kontekstdə ortaya çıxır. Çünki o, Kuzey Kıbrısın müstəqil dövlət kimi möhkəmlənməsi və türk dünyasının ayrılmaz hissəsinə çevrilməsi istiqamətində ardıcıl və prinsipial siyasət yürüdürdü.
Bu gün isə KKTC-də türkcü xəttə qarşı hücumların və təzyiqlərin növbəti mərhələsinin başladığı görünür. Ersin Tatarın bir zamanlar sədri olduğu Ulusal Birlik Partiyasına qarşı təzyiqlər, hökumətin istefası tələbləri və küçə aksiyaları bu prosesin davamı kimi qiymətləndirilə bilər. Üstəlik bu aksiyaların daha da sərtləşməsinin Baş nazir Ünal Üstelin TDT tədbirində iştirak üçün Azərbaycana səfərindən və burada keçirdyi önəmli görüşlərdən həmən sonraya təsadüf etməsi düşündürücüdür.
KKTC mövcud hadisələrin gedişi göstərir ki, burada təkcə sosial-iqtisadi narazılıq deyil, həm də siyasi yönləndirmə amili mövcuddur. “Hökumət getməlidir” kimi şüarların ön plana çıxması bu proseslərin arxasında daha geniş planların dayandığına işarə edir.
Eyni zamanda mediada yayılan məlumatlar – xüsusilə Kıbrısda guya 18-30 yaşlı gənclər arasında federasiya ideyasına dəstəyin artması ilə bağlı xəbərlər (halbuki bu sorğunun hansı tərəfdə keçirildiyi tam aydın olmur-red.) – gələcək üçün müəyyən narahatedici siqnallar verir.
Bu, eyni zamanda Kuzey Kıbrıs türklərinin qarşısında yeni bir seçim mərhələsinin yarandığını göstərir. Məhz buna görə də, hesab edirik ki, belə bir məqamda artıq söz sadə vətəndaşındır. KKTC vətəndaşı öz dövlətinə, çətin və qanlı tarix bahasına əldə etdiyi azadlığına sahib çıxmalıdır. Əks halda, bu boşluğu türk kimliyinə uzaq olan qüvvələrin dolduracağı istisna deyil.
Sonda bir məsələi xatırlatmaq yerinə düşər: öz kimliyinə sahib çıxmayan xalqlar başqalarının iradəsinə tabe olmaq məcburiyyətində qalırlar.










İlk şərhi yaza bilərsiniz