Press "Enter" to skip to content

Dədəli lövhələri – 6

Azər HƏSRƏT

Son yeniləmə: 7 Aprel 2026

Şamlar bayramı – Novruz

BAYRAQDAR MEDİA – Uşaqlığım sovet dövrünə düşüb. Orta məktəbi Dədəlidə, 1986-cı ildə bitirmişəm. Ona qədər qayğısız uşaqlığım, rəngarəng (kənddə nə qədər mümkünsə) yaşamım olub. Dünyadan xəbərimiz olmadığı üçün elə bilmişik yer üzünün ən xoşbəxt uşaqlarıyıq.

Sonra…

Sonra məktəbi bitirdim, Bakı Baza Energetika Texnikumuna qəbul olundum, ardından da əsgərliyə yollandım. 1986-cı ilin 15 oktyabrında artıq hərbi geyimdə Almaniyaya yollandım…

Lakin sözüm bunda deyil. Sözüm o qayğısız uşaqlığımız dövründə keçirdiyim Novruz bayramındadır…

Bizim Dədəlidə Novruz bayramına bir də “Şamlar bayramı” deyilirdi. Xalq arasında yəni. Bilmirəm, bunun kökü haradan gəlir, amma anladığım odur ki, doğrudan da o bayram bütün göstəricilərinə görə şamlar bayramı idi.

Nə edərdik onda?

Əsas da biz uşaqlar boş meydanlarda hündür tonqal hazırlığı görərdik. Bəzən bu tonqalların hündürlüyü 3 metrə qədər çatırdı. Əlimizə keçəni, hətta rezin təkərləri gətirib üst-üstə yığardıq ki, tonqal mümkün qədər yüksəyə qalxsın. Alınırdı da.

Bir də şamlarla kəndi gəzmək vardı. Şam da adi şam olmurdu. 2-3 metr uzunluğunda ağacın başına böyük bir əski dolayardıq. Onu da mazuta və ya solyarkaya basıb çıxarardıq ki, yaxşı yansın. Tonqalı və şamları hava qaralandan sonra yandırardıq. Əvvəl tonqal olardı. Uşaqlar, gənclər tonqal başına toplaşar, deyib-gülər, bir-biriləri ilə zarafat edərdi. Tonqalın içindəki müxtəlif rezin, plastik məmulatlar qara tüstüyə səbəb olardı. O tonqal yanıb qurtaranda bizim də üz-gözümüz qapqara olardı. Amma xoşbəxt idik onda…

Tonqal öləziməyə başlayanda şamları yandırardıq. Və kəndin canına düşərdik. Küçələr boyu uşaqlar dəstə ilə, deyə-gülə qaçışardı. O gecə bütün kənd şamların işığında bir başqa gözəl olurdu.

Bu şamlar bayramı xətasız da ötüşməzdi. Tonqalda yanan kim, şamla kəndin küçələrini gəzərkən kiminsə tayasına, odunlarına od vuran kim. Qəzadan olardı belə şeylər. Yəni qəsd yox idi. Amma işin yaxşı tərəfi o idi ki, o anlarda özəlliklə də böyüklər diqqət kəsilər, harasa yanğın düşəndə toplaşıb onu dərhal söndürərdilər. Zərər olurdu, amma çox deyil…

Novruzun təamları arasında şəkərbura, paxlava, qoz, fındıq və s. ilə bərabər vazkeçilməz firni də olardı. Özü də o firnini evlərin xanımları öz əlləri ilə hazırlayardılar. Bayrama hazırlıq çərçivəsində qurudulmuş düyünü qadınlar əllə üyüdər, bayram günü iri bir qazanda firni bişirər, sonra onu dayaz boşqablara çəkib üstünə də darçın tozu ilə naxış salar, evin bir tərəfinə düzüb üstünə də süfrə sərərdilər. Hər evdə 30, 40, bəzən də 50-60 belə firni boşqabı olardı.

Onda evlərimiz indikindən fərqli olaraq çox qonaq-qaralı olardı. Qonşular, qohumlar mütləq bir-birinə qonaq gedərdilər. Bu qonaqların da süfrəsinə başqa təamlarla bərabər mütləq firni qoyulardı. Mən o vaxtlar firnidən imtina edən, yemirəm deyən heç kimi görməmişdim.

Haşiyə: İndi də firni bişirirlər. Düyü ununu dükandan alırlar. Bişirib süfrəyə verirlər. Amma ləzzət o ləzzət, qoxu o qoxu deyil. Yəni uşaqlıqda anamızın öz əli ilə – daşla üyütdüyü düyü unundan bişirdiyi o firninin dadını da, qoxusunu da sadəcə xatırlaya bilirik…

Papaq atmaq isə indikindən fərqli olaraq başqa bir aləm idi. Uşaqlar mümkün qədər çox qapı gəzib daha çox bəxşiş toplamağa çalışardı. Hər evdə bayram hazırlığı yüksək səviyyədə olduğu üçün qapılara atılan papaqlar dolub-daşar, heç kimin papağı boş qayıtmazdı.

Bayramda bir də qəbir ziyarətləri vardı. Hər kəs əzizlərinin qəbirlərini ziyarət edərdi. Bizim ailə də qəbiristanlığa gedərdi. Amma ziyarət edəcəyimiz qəbirlərin sayı, indikindən fərqli olaraq çox deyildi. Bir neçə qəbir vardı ziyarət üçün. Lap qədim qəbirlər batmış, itmişdi. Həm də hər kəs kənddə özünün nəslinə aid gorgahı tanıyırdı. Bizim də ailəmiz kəndin ən qədim ailələrindən olduğu üçün ayrıca gorgahlarımız vardı. Həm ana tərəfimin, həm də ata tərəfimin öz gorgahı var kənd qəbiristanlığında…

…İndi o adət demək olar ki, qalmayıb. Həmin illərdə Novruz bayramında qəbir ziyarətlərinə əli dolu gedilirdi. Qoğaldan, şirnidən aparar, qəbirlərin üstünə qoyardılar. Açığı, sonra o şirnilərin necə olduğunu bilməzdik. Bəlkə də kimsə yeyirdi, bəlkə də qalıb xarab olurdu. Amma bu adətin tam da nə anlama gəldiyini indi də başa düşə bilmirəm. Bəzən deyirdilər ki, qəbir üstünə buraxılan şirniyyat ehtiyacı olan insanlar üçündür. Yəni qədimdən belə bir inam varmış ki, yoxsul, imkansız insanlar bayram ziyarəti sonrası qəbirlərin üstündəki o şirniləri toplayıb evinə apararmış.

Şamlar bayramı belə bir dayanışma örnəyi idi bizim Dədəlidə…

İndi də Dədəlidə o bayram təmtəraqla qeyd edilir. Amma bizim uşaqlıq dövrümüzdəkindən fərqli – bir qədər təvazökarlıqla. Həm də indi ailələrdə o vaxtkı qədər uşaq da yoxdur axı. Bizim dövrümüzdə hər evdən bəzən 8-10 uşaq çıxardı. İndi isə hər ailədə ən yaxşı halda 3 uşaq olur. Bir çox hallarda 2, bəzən də 1. Üstəlik, bu uşaqlar da yeni texnologiya dövrünün yetirmələri olduğu üçün bizim kimi şamlar bayramına da o qədər maraqlı deyillər sanki…

Bütün bunlar öz yerində, mən indinin özündə də hər ilin Novruz bayramında mütləq Dədəliyə gedib həyətdə tonqal qalamağa çalışıram. Elə bu il də gözəl bir tonqal qaladım həyətimizdə, üzərindən atlandım, azarım-bezarım odda yansın dedim…

2024-cü ildə isə Dədəlidə tək bayram tonqalını mən yandırmışdım bildiyimə görə. Novruz axşamı leysan yağış yağırdı. Necə deyərlər, tut ucundan göyə çıx. Mənsə buna baxmayaraq gündüzdən hazırladığım tonqalın üzərinə işlənmiş maşın yağı da töküb onu alışdırmış və yağış altında bayramı beləcə qeyd etmişdim…

Ocağımız gur yansın. Yurdumuz tonqallarımız yandıqca ayaqda duracaq. Ona görə də əcdadımızın bizə buraxıb getdiyi ocaqların odunu sönməyə qoymamalıyıq. Elə Novruz da bunun üçündür məncə. Böyüklərimizin miras olaraq bizə buraxdığı ocaqlarının daim alışdırılması üçün…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.