BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM N) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Bakının Sabunçu rayonunda (Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1) əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzini istifadəyə verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “mərkəz əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin nəzdində fəaliyyət göstərəcək. Açılış tədbirində Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər. Qeyd edilib ki, Agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Sabunçu günərzi qayğı mərkəzinin məqsədi əlilliyi olan uşaqların psixo-sosial reabilitasiyasını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir. Mərkəz, həmçinin şəxslərin dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək məqsədi daşıyır”.
Ardınca xəbərdə, “mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar. Eyni zamanda, valideynlər üçün uşaqlara qulluq bacarıqlarının artırılmasına yönəlmiş məsləhət xidmətləri göstəriləcək və müxtəlif təlim proqramları təşkil olunacaq. Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər SXA-nın yerli qurumlarına, eləcə də DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin sosial media hesablarına müraciət etməklə göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz