Press "Enter" to skip to content

Daha iki tanınmış ekspert AQC-yə qoşulub

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti geniştərkibli iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Məlumata görə, iclasda təşkilati islahatlar, kadr təyinatları, sektorun hüquqi müdafiəsi və beynəlxalq əməkdaşlıq perspektivləri geniş müzakirə olunaraq strateji qərarlar qəbul edilib: “İdarə Heyətinin qərarı ilə Cəmiyyətin fəaliyyətinin effektivliyini artırmaq və sahəvi əlaqələri gücləndirmək məqsədilə mühüm kadr təyinatları həyata keçirilib. Tanınmış ekspert, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info resursunun təsisçisi Vüqar Tofiqlinin AQC-nin bələdiyyələrlə iş üzrə koordinatoru, İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, əməkdar müəllim, iqtisad elmləri namizədi Asiman Quliyevin isə Cəmiyyətin Elmi-Metodiki Şurasının üzvü təyin edilməsi yekdilliklə qəbul olunub”.

Məlumata görə, AQC sədri Vüqar Oruc qeyd edib ki, bu təyinatlar bələdiyyə, cəmiyyət və dövlət qurumları arasında “körpü” rolunu oynayacaq və sahənin elmi əsaslarla inkişafına töhfə verəcək. Bundan başqa iclasda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, söküntü işləri ilə bağlı problemlərin araşdırılması, vətəndaşlar və şirkətlər arasında körpü funksiyasını yerinə yetirmək üçün 5 nəfərdən ibarət yeni komissiyanın tərkibi təsdiq olunub: “AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc sədr, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sədr müavini, iqtisadçı ekspertlər Asif İbrahimov, Firdovsi Xəlilov və tikinti eksperti Əşrəf Şıxəliyev komissiyanın üzvləri təyin olunub”.

İclasda, həmçinin Mərkəzi Bankın təşəbbüsü ilə Milli Qiymətləndirmə standartlarını hazırlayan Texniki Komitəyə cəlb olunan Azərbaycan Banklar Assosiasiyasının (ABA) təklifləri müzakirə olunub.

Cəmiyyətin gələcək planları çərçivəsində Qırğızıstan Respublikasında keçiriləcək beynəlxalq forumda iştirak məsələsi təsdiqlənib. Həmçinin peşəkar kadr hazırlığı üçün “Master Class”, seminar və forumların təşkili, AQC-nin rəsmi YouTube kanalının aktuallaşdırılması qərara alınıb.

Sonda qiymətləndirmə sektorunun inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.