Dədəlinin yer adları
BAYRAQDAR MEDİA – Hələ mən uşaqkən atam Hacıqulu Abdulla oğlu deyərdi ki, Dədəli lap əvvəllər tam da meşənin içində olub. Onu da deyərdi ki, evə gəlib çatana qədər burada kənd olduğunu belə bilmək olmurmuş.
Yəni Dədəli meşənin içində salınmış kənddir. Həyətlər burada çox böyük olub. Sovetlərin zaman-zaman torpaqları sakinlərin əlindən almasının ardından həyətyanı sahələr kiçilərək 25 sota enib. Sonrakı mərhələdə isə yeni ev tikmək istəyənlərə sovxozdan 12 sot torpaq verirdilər…
O da yadımdadır ki, bizim evimizin də içində olduğu 25 sotdan əlavə iki ayrı yerdə torpağımız vardı. Onda mən uşaqdım. Günlərin bir günü atam gəldi ki, bəs o torpağı da əlimizdən alırlar. Dövlətdir, verməyə bilməzdik və verdik getdi…
Bir də yadıma gəlir ki, atamın traktorçu həmkarı və dostu Şahbaba dayı bir gün ona deyir ki, bəs, “oğlum Abduləzizə torpaq veriblər, o da sənin əvvəlki torpağındır. Halallıq ver, ona ev tikim orada”. Atam da qayıdır ki, “a kişi, nə danışırsan, elə şey olar? Biz dostuq, torpaq da artıq mənim deyil, dövlətindir, verdim halallığını”.
Bundan sonra Şahbaba dayı orada ev tikdi, indi də Abdüləziz müəllim ailəsi ilə həmin evdə yaşayır. Yeri gəlmişkən, Abduləziz müəllim Dədəli kənd məktəbində mənə dərs də deyib. İndi təqaüddədir, ömrü uzun olsun, çox dəyərli insandır.
Hə, Şahbaba dayı atam Hacıqulu ilə dost olduğu kimi mən də onun oğlu, sinif yoldaşım Sarvanla çox yaxın dost idim. Amma təəssüf ki, bir neçə il öncə biz onu əbədiyyətə uğurlamalı olduq…
Dədəlinin meşələrindən danışacaqdıq axı. İş ondadır ki, meşələrlə bərabər müxtəlif istiqamətlərdəki yerlərə müxtəlif adlar verilmişdi bizim kənddə. Rəsmi deyildi. Sadəcə xalq arasında. O cümlədən də meşələrin adı vardı, indi də var.
Beləliklə, kəndin ən gözəl səmtlərindən biri İt meşədir. Adı belədir. Zəngin bir meşədir. İndi də qalır. Oralarda uşaqlığım çox keçib. Bir tərəfi Qusar çayının sahilinə qədər gedib çıxır. Yabanı meyvələr, nadir ağac növləri, keçilməz cəngəlliklərlə diqqət çəkir İt meşə.
İkinci məşhur bir meşənin adı Alapalıdlıqdır. Bu meşə Dədəli – Bostançı yolunun sağ tərəfində yerləşir. Çox zəngin meşədir. Burada da uşaqlıq xatirələrim az deyil. Əsas da qışın oğlan çağında – dekabr, hətta yanvar aylarında bu meşədən tapıb yediyim cır əzgil heç yadımdan çıxmaz. Meşə, adından da göründüyü kimi, əsasən palıd ağacları ilə zəngindir.
Başqa bir meşə isə Dədəlinin Qərbində, Qusarçay kəndi istiqamətində yerləşir. Onun adı Mollanın meşəsidir. Açığı, niyə bu adı daşıdığının tarixçəsini bilmirəm. Amma digər əsas meşələrdən fərli olaraq bura silablıqdır. İri ağacları var, lakin çox deyil. Burada daha çox kol tipli yaşıllıqlara rast gəlmək olar…
Dədəliyə aid olmasa da lap Quzeydə – Bostançı kəndinin altında Ovçulu meşəsi var. Əslində orada bir zamanlar eyni adlı kənd də olub. Amma sonradan kəndin camaatı yaxındakı Bostançıya daşınıb, yavaş-yavaş kənd yox olub, lakin adı qalıb…
Dədəlinin ən zəngin meşələrindən biri də Çələbilər piridir. Bura, əslində adicə meşə deyil, pir və qəbiristanlıqdır. Özü də təkcə Dədəli deyil, ətraf kəndlərin camaatı da ölülərini illərdir burada basdırır. Müsəlman qəbiristanlığı olsa da burada hansı dinə, mədəniyyətə mənsub olduğunu müəyyən edə bilmədiyimiz qəbirlər də var. Yaxşı olardı ki, müvafiq tədqiqat institutları bunu nəzərə alsınlar…
Meşələrlə bərabər başqa maraqlı yer adları da var bizim Dədəlidə. Bunlardan ən diqqət çəkəni “Davud yeri”dir. Dədəli – Yataqoba yolunun solunda, Qusar çayının sahilində yerləşən bu yer meşə deyil, açıq taladır. Geniş ərazidir, sovet dövründə də, indi də kənd təsərrüfatı üçün istifadə edilir. Adını 1700-cü illərin əvvəllərində burada iqamətgahı olmuş tarixi şəxsiyyət Hacı Davuddan aldığı deyilir…
Başqa maraqlı yer adları da yadımda qalıb. Bağlar meşə adında bir yer vardı Dədəlidə. Bir də Məmmədtağı əminin bağı deyilən yer heç yadımdan çıxmaz. Çünki uşaqlıqda həmin bağdan qalan çoxillik tut və armud ağaclarının başında oynayardıq. Deyilənə görə, o çoxillik – nəhəng ağaclar Məmmədtağı əminin geniş bağından qalanlar idi. Bizim kənddə də zorakı sovetləşmə gedəndə Məmmədtağı əminin bağını əlindən alıblarmış. Amma adı üstündə qalıb, ağızdan ağıza bu günədək yaşayır…
Çəpər xirə deyilən bir yer də var Dədəlidə. Onun tam da girişində bizim qoruğumuz vardı. Ot çalardıq oradan. Sonra hökumət oranı da əlimizdən aldı…
Yeri gəlmişkən, mən hələ orta məktəbdə oxuyanda sovetlər kəndimizin bir çox meşələrini məhv etdi. Pomidor-xiyar əkmək üçün. Ona görə də Dədəlidə indi atamın uşaqlığında olduğu kimi meşələr yoxdur. Heç atamın özü də həyatda yoxdur. Amma onun xatirəsi əbədi olduğu kimi Dədəlinin də xətri mənim üçün əbədi və əzizdir…
Sonda qeyd edim ki, Dədəlinin o məşhur meşə fondları məhv edilsə də kəndin elə girişindən başlayaraq yol qırağında yaşı yüz illərlə ölçülən tək-tək ağaclara rast gəlmək olar…






İlk şərhi yaza bilərsiniz