BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA), 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Bərdə şəhərlərində əlilliyi olan şəxslərin əl işlərinin satış sərgiləri təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərdə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə bacarıqlarına yiyələnən əlilliyi olan şəxslər iştirak ediblər. Onlar sırasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də olub. Ümumilikdə 21 şəxsin 10 müxtəlif istiqamət üzrə 900-dən çox əl işi sərgilərdə nümayiş etdirilərək satışa çıxarılıb. Təqdim olunan əl işləri arasında dərzilik nümunələri, rəssamlıq əsərləri, suvenirlər, bədii tikmə işləri, təbii daşlardan hazırlanmış təsbeh və qolbaqlar, toxunma oyuncaqlar və s. yer alıb”.
Sərgilər əlilliyi olan şəxslərin sosial inteqrasiyasını dəstəkləmək, onların peşə bacarıqlarını nümayiş etdirmək, məşğulluq imkanlarını genişləndirmək məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz