BAYRAQDAR MEDİA – “Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd Peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax, elə məişət zorakılığının bir kökü oradan başlayır”.
Bu sözləri millət vəkili, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Milli Məclisin mayın 26-da keçirilən plenar iclasında deyib.
Millət vəkili bildirib ki, bu yaxınlarda sabiq deputat Etibar Əliyev paylaşım edib, hətta Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya da rəsmi müraciət ünvanlayıb.
Q.Həsənquliyev həmçinin vurğulayıb: “Mən mətbuatda oxudum ki, düz məktəbin yanında bir qəssabxana var. Orada heyvanları kəsirlər və başını da orada nümayiş etdirirlər, uşaqlar da qəssabxananın qarşısından sağa-sola keçir. Bax, məişət zorakılığının bir səbəbi də oradan başlayır. Biz uşaqları qorumalıyıq. Valideynlər uşaqlarını qurban kəsiminə aparırlar. Hətta orada o heyvanın qanından da götürüb uşağın alnına çəkirlər. Təkcə maarifləndirməklə bunun qarşını almaq mümkün deyil, müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdır”.






İlk şərhi yaza bilərsiniz