Cavid Aydın: Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları bu gün də yaşayır
BAYRAQDAR MEDİA – Müsəlman Doğusunda ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, müstəqillik və dövlətçilik tarixində silinməz iz qoyub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb, eyni zamanda Türk dünyası ilə əlaqələrin gücləndirilməsinə xüsusi önəm verib. Cümhuriyyətin əsasını qoyduğu milli birlik, həmrəylik və müasir dövlətçilik prinsipləri bu gün də uğurla davam etdirilir. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri ortaq tarix, dil və milli-mənəvi dəyərlər əsasında gündən-günə daha da möhkəmlənir. “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlər Türk dünyasının birliyi və ortaq gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirlər Eskişehir Azərbaycanlılar Dərnəyinin 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə təşkil etdiyi bayram tədbirində səsləndirilib.
Dərnəkdən verilən məlumata görə, Eskişehirdə təşkil olunan bayram proqramı yüksək əhval-ruhiyyə və böyük coşqu şəraitində keçib. Tədbirdə Azərbaycanın müstəqillik ruhu, milli dəyərləri və Türkiyə-Azərbaycan qardaşlığı ön plana çıxarılıb, iştirakçılar gün ərzində unudulmaz anlar yaşayıblar.

Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın çıxışında “Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları bu gün də yaşayır” ifadəsini səsləndirərək bildirib ki, AXC yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının demokratik dəyərlərinin formalaşmasına mühüm töhfə verib. O vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən qardaşlıq münasibətləri gündən-günə daha da möhkəmlənir və bu birlik gələcək nəsillər üçün mühüm örnəkdir. Cavid Aydın həmçinin xaricdə yaşayan azərbaycanlıların milli birlik ruhunun qorunması və Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.
Dərnək tərəfindən verilən açıqlamada tədbirdə iştirak edən qonaqlara, dəstək göstərən sponsorlara və təşkilatçılıqda əməyi olan hər kəsə təşəkkür bildirilib. Bildirilib ki, Eskişehirdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, milli birlik və həmrəylik ruhunun qorunması baxımından bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində dərnəyin dövr sonu qiymətləndirmə sisteminin nəticələri də elan olunub. İl ərzində dərnəyin fəaliyyətində fəallığı ilə seçilən Ayan Süleymanova, Türkan Məmmədova, Turanə Niftəliyeva, Səma Niftəliyeva, Mənsur Bədəlov, İmran Nadirli, Aysu Səadova, Nəzrin Məmmədova, Natəvan Babayeva və Valeh Baxşıyev ilk onluqda yer alan iştirakçılar kimi təbrik ediliblər.

Dərnək rəhbərliyi fəaliyyətlərə töhfə verən bütün üzvlərə təşəkkürünü bildirərək birlik və həmrəylik mesajları verib. Həmçinin qeyd olunub ki, Eskişehir Azərbaycanlılar Dərnəyi gələcək fəaliyyətlərində də Azərbaycan tarixinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində tədbirlərini davam etdirəcək.






İlk şərhi yaza bilərsiniz