Yaxud “Bir millət, iki dövlət”dən “bir millət, üç dövlət” anlayışına doğru
BAYRAQDAR MEDİA – Bu gün dəyişməz bir reallıq var: Türk dünyası hər keçən gün daha da güclənir, siyasi, iqtisadi və mədəni baxımdan daha böyük qüdrət qazanır. Məhz bu yüksəlişin nəticəsidir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız türk dünyasının deyil, bütövlükdə qlobal geosiyasi məkanın təsirli beynəlxalq platformalarından birinə çevrilməkdədir.

Bu proses heç də təsadüfi deyil. Onun əsasını Türkiyə-Azərbaycan qardaşlığı, beş il əvvəl imzalanmış tarixi Şuşa Bəyannaməsi və Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar təşkil edir. Məhz həmin reallıqların və Şuşa Bəyannaməsinin yaratdığı strateji gücün nəticəsi olaraq 2021-ci ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yeni mərhələyə qədəm qoyaraq Türk Dövlətləri Təşkilatına çevrildi. Bu isə türk dünyasının daha güclü, daha sistemli və vahid platforma altında birləşməsi demək idi.

Bu gün Türk dünyasının Doğu Akdenizdəki etibarlı qalası olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti də Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi bu inteqrasiya prosesində inamla irəliləyir. Təkcə Türkiyənin deyil, Azərbaycanın da hərtərəfli dəstəyini hiss edən KKTC Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığını davamlı şəkildə genişləndirir.
Bakıda keçirilən “KKTC Mədəniyyət Günü” məhz bu dostluğun, qardaşlığın və ortaq gələcəyə inamın bariz nümunəsi oldu. Tədbirlər İçərişəhərdə yerləşən Fotoqraflar Evində təşkil olunan mətbuat konfransı ilə başladı.

KKTC Baş nazirin müavinliyi, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən “Ada Kıbrıs” layihəsi çərçivəsində Bakının tarixi İçərişəhər ərazisində keçirilən tədbirdə Baş nazir Ünal Üstel, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkiyənin Bakıda səfiri Birol Akgün, ŞKTC-nin Bakı nümayəndəsi Ufuk Turganer, Milli Birlik Partiyasının deputatları Ahmet Savaşan və Fırtına Karanfil, Türkiyə və Azərbaycandan millət vəkilləri, rəsmi şəxslər, eləcə də çoxsaylı qonaqlar iştirak etdilər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan proqramda Baş nazir Ünal Üstel, Baş nazirin müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxış etdilər.
Çıxışlarda Azərbaycan ilə KKTC arasında münasibətlərin hər gün daha da inkişaf etdiyini, əməkdaşlığın artıq demək olar ki, bütün istiqamətləri əhatə etdiyi vurğulandı.

Baş nazir Ünal Üstel çıxışında daha diqqətçəkən bir mesaj verdi. O bildirdi ki, münasibətlər artıq elə bir səviyyəyə yüksəlib ki, yaxın gələcəkdə Azərbaycan ilə KKTC arasında birbaşa çarter reyslərinin açılması da reallığa çevrilə bilər. Bu isə iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək mühüm addım olacaq.
Mətbuat konfransından sonra Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə hər iki ölkənin sənət adamlarının iştirakı ilə zəngin konsert proqramı təqdim olundu, milli musiqi və rəqs nümunələri nümayiş etdirildi. Eyni zamanda ayrılmış sərgi məkanında KKTC-nin müxtəlif təşkilatları və sənətkarları tərəfindən hazırlanan əl işləri, milli mətbəx nümunələri və digər mədəni irs elementləri ziyarətçilərə təqdim edildi.

Beləliklə, Bakıda Kuzey Kıbrıs ab-havası yaşandı. Və bu tədbirin ən önəmli mesajı təkcə mədəniyyətin nümayişi deyildi. İçərişəhərin Qoşa Qala qapısı önündə Azərbaycan, Türkiyə və KKTC bayraqlarının yanaşı dalğalanması rəmzi məna daşıyırdı. Bu mənzərə göstərirdi ki, uzun illər dillər əzbəri olan “Bir millət, iki dövlət” fəlsəfəsi artıq daha geniş məna qazanaraq “Bir millət, üç dövlət” anlayışına doğru inamla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, başqa yerdə ailə axtarmamalıyıq” fikri də bu strateji baxışın ən dolğun ifadəsidir. Bu ideyadan güc alan Türk Dövlətləri Təşkilatı hər keçən gün ortaq ailənin təməllərini daha da möhkəmləndirir, üzv və müşahidəçi dövlətlər arasında həmrəyliyi gücləndirir.

Bakıda KKTC Mədəniyyət Gününün keçirilməsi də məhz bu etimadın, bu siyasi iradənin və türk dünyasının ortaq gələcəyinə olan sarsılmaz inamın növbəti təzahürü kimi tarixə düşdü.










İlk şərhi yaza bilərsiniz