Press "Enter" to skip to content

Dünya hələ də bu gerçəyi görmək istəmir

Tahsin Ertuğruloğlu Nadir Azəriyə müsahibə verərkən (arxiv fotosu)

Tahsin Ertuğruloğlu: Bu, təkcə Fransanın deyil, rum tərəfini “Kıbrıs Respublikası” kimi tanıyan bütün dövlətlərin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Avropa Birliyinin ayıbıdır

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində bir sıra vacib məqamlara toxunub. Müsahibəni təqdim edirik:

-Kıbrıs adasında, ümumilikdə qlobal məkanda son dövrlər baş verən dəyişikliklər, eləcə də Fransanın Kıbrısın rum kəsimində möhkəmlənmək istəyi fonunda iki dövlətli həll modelinin nə qədər doğru olduğu bir daha təsdiqlənmiş kimi görünür. Bu şəraitdə KKTC-nin bundan sonrakı mövqeyi necə olmalıdır?

-Bizim siyasətimiz dəyişməzdir. İki suveren və bərabər dövlətə, bərabər beynəlxalq statusa əsaslanan siyasət dəyişəcək bir siyasət deyil. Bu, adanın reallığıdır. Dünya hələ də bu gerçəyi görmək istəmir və sanki adada yalnız bir dövlət varmış kimi siyasət yürüdür. Bu yanaşma dəyişmədiyi müddətdə Kıbrısda rum tərəfinin ərköyünlüyü və həddi aşan davranışları davam edəcək. Çünki dünya onlara “Kipr Respublikası hökuməti” kimi yanaşdığı müddətdə rumlar da Kıbrıs məsələsini guya öz ölkələrinin türk işğalı altında olduğu kimi dünyaya təqdim edir və guya işğal altındakı torpaqlarını azad etmək məqsədilə hərbi əməkdaşlıq sazişləri bağlayır, silah, tank, helikopter və digər hərbi texnika alırlar. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi beş üzvünün buna tərəf olması, əslində, BMT Təhlükəsizlik Şurasının nə dərəcədə etibarsız bir qurum olduğunu ortaya qoyur. Onsuz da dünyada yaşanan digər problemlərə baxdıqda sual yaranır: BMT Təhlükəsizlik Şurası bu günə qədər hansı problemi həll edib ki, Kipr məsələsində də müsbət nəticə əldə edəcəyi gözlənilsin?

Bu, təkcə Fransanın deyil, rum tərəfini “Kıbrıs Respublikası” kimi tanıyan bütün dövlətlərin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Avropa Birliyinin ayıbıdır. Onlar nə edirlərsə etsinlər, Kıbrısdakı reallıq dəyişməyəcək. Kıbrısda iki dövlət var, çünki iki millət var. Bu həqiqət dünya tərəfindən qəbul edilmədiyi müddətdə Kıbrıs məsələsi problem olaraq qalacaq. Bunun başqa bir izahı da budur ki, hazırkı vəziyyət əslində Kıbrısda həll yoludur. İki qonşu dövlət mövcuddur və bu, elə həllin özüdür. Tərəflərin yenidən ortaq dövlət qurması artıq mümkün deyil.

-BMT-dən bəhs etdiniz. Bəs, BMT Baş katibinin xüsusi nümayəndəsinin tərəflərlə danışıqlarını necə dəyərləndirirsiniz?

-Düzdür, BMT Baş katibinin Kıbrıs üzrə şəxsi nümayəndəsi xanım Holguin müəyyən təmaslar həyata keçirir. Ancaq bunlar nəticəsizdir. Mən hətta xanım Holguinin Kıbrıs məsələsini nə dərəcədə anladığını belə sual altına almaq istərdim. Kıbrıs probleminin mahiyyətini anlamayan insanların guya onun həlli üçün çalışmasını isə gülünc hesab edirəm. Qısaca desəm, hadisələr necə inkişaf edirsə inkişaf etsin, Kıbrıs məsələsində dəyişməyən türk siyasəti mövcuddur. Həm Ankara, həm də Lefkoşa üçün Kıbrısda iki suveren və bərabər dövlət, bərabər beynəlxalq status siyasəti qalıcıdır və dəyişməyəcək.

-Son dövrlər istər Kıbrısda, istərsə də bəzi siyasi dairələrdə belə bir ab-hava yaranmışdı ki, guya kıbrıslı türklərlə rumlar yenidən birləşəcəklər. Lakin bir neçə gün əvvəl KKTC Cümhurbaşqanının açıqlaması göstərdi ki, Kıbrıs türklərinin üzv olduqları bütün beynəlxalq platformalarda tanınması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu da milli mövqenin nə qədər haqlı olduğunu sübut etdi. Bundan sonra, yəqin ki, həmin illüziyalar da aradan qalxacaq…

-Onlar bundan əl çəkməyəcəklər. Avropa Birliyi etdiyi səhvi bilərəkdən etmiş bir qurumdur. Üzv qəbul etməməli olduğu yunan tərəfini bütün adanı təmsil edirmiş kimi öz sıralarına qəbul edib. Bu səhvi artıq düzəltmək də mümkün deyil. Çünki bildiyiniz kimi, Avropa Birliyində qərarlar yekdillik prinsipi ilə qəbul olunur. Buna görə də Avropa Birliyi öz yanlışını düzəltmək istəsə belə, buna rum tərəfi və Yunanıstan veto qoyacaq. Beləliklə, Avropa Birliyi artıq rum tərəfinin maraqlarını müdafiə edən bir təşkilata çevrilib. Bu isə onların öz ayıbıdır. Biz heç vaxt Avropa Birliyinin etdiyi yanlışlar qarşısında baş əyəcək insanlar olmamışıq.
KKTC Avropa Birliyinin üzvü deyil. KKTC-nin ərazisi də Avropa Birliyinin ərazisi hesab edilmir. Onsuz da Avropa Birliyi KKTC adlı dövlətin mövcudluğunu qəbul etmir. Buna görə də ortada bir oyun oynanılır. Biz bu oyunun iştirakçısı deyilik. Biz oyun oynamırıq. Biz siyasəti reallıqlar əsasında aparırıq və milli davamızı da məhz bu reallıqlar zəminində müdafiə edirik.

Dediyim kimi, adada bütün Kıbrısı təmsil etmək səlahiyyətinə malik vahid bir hakimiyyət yoxdur. Adada “kıbrıslı” adlandırıla biləcək vahid bir millət də yoxdur. Belə bir millətin olmadığı həqiqəti gizlədilməyə çalışılır və sanki “kıbrıslı” adlı bir millət varmış kimi təsəvvür yaradılır. Halbuki Kıbrısın hətta öz milli himni belə yoxdur. Rumlar Yunanıstanın dövlət himnindən istifadə edirlərsə, biz də Türkiyənin İstiqlal Marşından istifadə edirik. Buna görə də Kıbrısın əsas xüsusiyyətlərini nəzərə almayan heç bir təşəbbüs uğur qazanmayacaq. Dünya bizim geri addım atmağımızı gözləyir. Bu isə mümkün deyil. Əksinə, biz dünyanın öz səhvini görməsini və bu yanlış mövqedən geri dönməsini tələb edirik. Mübarizəmizi də bu istiqamətdə davam etdiririk.

-Cənab nazir, Azərbaycan Prezidenti İlham Əliyev belə bir fikir səsləndirmişdi: “Biz başqa yerdə ev axtarmamalıyıq, bizim evimiz Türk dünyasıdır.” Sizin dediklərinizdən də belə nəticə çıxır ki, bu evin təməllərini daha da möhkəmləndirmək üçün Türk Birliyinin güclənməsi xüsusi əhəmiyyət daşıyır…

-Öncə onu deyim ki, Azərbaycan bizim üçün son dərəcə önəmli və çox dəyərli qardaş ölkədir. Azərbaycanın hörmətli Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Kıbrıs Türk xalqnın milli davasına göstərdiyi dəstəyə görə minnətdarıq. Allah ondan razı olsun. Türk birliyi və həmrəyliyi, şübhəsiz ki, bundan sonra da daha da güclənərək davam edəcək. Onu da qeyd edim ki, Azərbaycan, şəxsən Prezident İlham Əliyev türk dünyasının daha dərindən inteqrasiyası istiqamətində misilsiz addımlar atır. Bu gün Türkiyə və Azərbaycanın öncüllüyündən Türk Dövlətləri Təşkilatı hər keçən gün daha da güclənir. Bu qurumun müşahidəçi üzvü olan KKTC-də türk dünyasının ayrılmaz bir parçası olaraq inamla addımlayır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.