Press "Enter" to skip to content

Ailəyə bu hallarda hüquqi yardım göstərilməlidir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDIA– Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonu Mərkəzi Kitabxanada keçirib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “Ailəyə hüquqi yardım hansı halda göstərilməlidir?” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri İlham Əliyev ilk öncə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentlyinə təşəkkürünü bildirib.

Layihə rəhbəri qeyd edib ki, sağlam, maddi və mənəvi cəhətdən təmin olunmuş ailə sağlam cəmiyyət deməkdir: “Cəmiyyətin mütərəqqi formada inkişafını şərtləndirən əsas amillər sırasında sağlam ailənin mövcudluğu önəmli rola malikdir. Ailə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən mühüm institut hesab olunur. Ürəkaçan hal ondan ibarətdir ki, informasiya-texnologiya əsri olmasına baxmayaraq Azərbaycan xalqı tarixən mövcud olan ailə dəyərlərini, adət-ənənəsini qoruyub saxlaya bilib. Bunun da səbəbi ailənin dövlət tərəfində qorunması, dəyərlərimizin mühafizə olunmasıdır. Ailə dövlətin himayəsindədir. Hər bir ailə üzvünün hüquqları dövlət tərəfindən qorunur”.

HDİM İB-nin sədri İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, ailəyə hörmət, rəğbət, onların qayğılarının həll olunması, problemlərinin aradan qaldırılması ənənəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli Lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə böyük önəm vermişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailələrə xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” .

Xaçmaz rayonu icra hakimiyyətinin aparıcı məsləhətçi -Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Səadət Quliyeva çıxışında ailələrin hüquqları və onların cəmiyyətin inkişafında rolundan danışıb. Səadət Quliyeva yetişməkdə olan gənc nəslin ailə dəyərlərinə, adət -ənənəmizə bağlı ruhda böyüməsinin vacib olduğunu və bu istiqamətdə maarifləndirmə işinin təşkilinin gücələndirilməsinin zəruri olduğunu söyləyib. Sosioloq Elçin Bayramlı ailədaxili münasibətlərin ailə üzvlərinin bir-birinə diqqət, qayğı, hörmət və dəstək üzərində qurulmasının vacibliyini bildirib. Ekspert qeyd edib ki, səmimiyyət, fədakarlıq və mehribanlıq üzərində qurulan ailədaxili münasibətlər insanların həm şəxsi, həm də sosial həyatında uğurlu nailiyyətlər əldə etməsinə yardımçı olur.

Kitabxananın oxu zalının müdiri Kəmalə Məlikova, metodika-biblioqrafiya şöbəsinin müdiri Zöhrab Məmmədov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar layihə rəhbəri və ekspert tərəfindən cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.