Press "Enter" to skip to content

Vaqif Poeziya Günləri Qazaxda başlanıb

Vaqif Poeziya Günləri Qazaxda başlanıb

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi növbəti Vaqif Poeziya Günləri iyulun 16-da Qazaxda, böyük şairin doğma yurdunda başlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Sözün hekayəsi” şüarı ilə keçirilən tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında M.P.Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək dahi şairlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qazax Ədəbiyyat Muzeyinin akt zalında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Vaqif Poeziya Günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Qeyd edib ki, məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə M.P. Vaqifin məqbərəsi və Poeziya Evi açılıb, Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramının əhəmiyyətini vurğulayıb”.

Daha sonra xəbərdə, “mədəniyyət nazirinin müavini Fərid Cəfərov M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi söz incilərindən bəhs edib. O, Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını deyib. Nazir müavini çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb. AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda, şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir. Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış ediblər. Sonra tədbir bədii hissə ilə davam etdirilib” deyə vurğulanır.

Qeyd edək ki, zəngin proqramı olan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi iyulun 17-də Şuşada dahi şairin məqbərə kompleksinin önündə keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.