Press "Enter" to skip to content

Səməd Vurğun Poeziya Evində MEK-in elektron resurs təqdimatı

Səməd Vurğun Poeziya Evində MEK-in elektron resurs təqdimatı

BAYRAQDAR MEDİA – Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr etdiyi elektron resursunun təqdimatı keçirilib. Bu məqsədlə MEK-in bir qrup əməkdaşı Qazaxa ezam olunublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “təqdimat zamanı öncə Poeziya Evinin direktoru Mətanət Rəhimova qonaqları salamlayaraq ölkə başçısının S.Vurğunun anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıb. O, şairin zəngin ədəbi irsinin hər zaman dövlət səviyyəsində yüksək qiymətləndirildiyini bildirərək, bu cür tədbirlərin şairin yaradıcılığının dərindən öyrənilməsində, təbliğində və gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasındakı müstəsna rolunu qeyd edib”.

Sonra xəbərdə, “MEK-in direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxışı zamanı Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun adından tədbir iştirakçılarını salamlayıb. O, son illərdə kitabxananın informasiya xidmətlərinin kökündən yenilənərək rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırıldığını diqqətə çatdırıb. O.Quliyev qeyd edib ki, 2024-cü ilin sentyabrında AMEA prezidentinin iştirakı ilə kitabxananın yenilənmiş saytı və elektron kitabxanası istifadəyə verilib, 2025-ci ilin iyulunda isə onun daha geniş funksionallıqlarla təkmilləşdirilmiş versiyası təqdim olunub. O bildirib ki, görülən işlərin davamı olaraq, bu yaxınlarda S.Vurğunun anadan olmasının 120 illiyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə şairin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanaraq MEK-in saytına inteqrasiya edilib və oxucuların istifadəsinə verilib” deyə qeyd edilir.

Xəbərdə eləcə də deyilir ki, “MEK-in Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva S.Vurğun məlumat bazasının təqdimatını edib. Tədbir Həsən Salahlının rəhbərlik etdiyi “Gənc aşıqlar qrupu”nun ifası və S.Vurğunun sözlərinə yazılmış mahnı və şeirlərin şagirdlər tərəfindən səsləndirilməsi ilə davam edib. Tədbirdən sonra iştirakçılar sözügedən Poeziya Evi ilə yaxından tanış olaraq buradakı eksponatlar haqqında məlumat alıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.