Cem Kafkas: Milli Yaylaq Festivalı türk dünyasının ortaq dəyərlərini yaşatmaq baxımından mühüm platformadır
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, bu günlərdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) sənətçisi Cem Kafkas Azərbaycanda səfərdə olub. O, 5-ci Milli Yaylaq Festivalında KKTC-ni təmsil edib və səfər çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik.
Cem Kafkasdan festival təşkilatçılaırna minnətdarlıq
Əvvəlcə qeyd edək ki, Cem Kafkas KKTC-nin tanınmış musiqiçilərindən və Bayrak Radyo Türk Müziği radyosunun direktorudur. Uzun illərdir musiqi sahəsində fəaliyyət göstərən Cem Kafkas, Kıbrıs türk mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində mühüm xidmətlər göstərib. O, ölkəsini müxtəlif beynəlxalq mədəni tədbirlərdə uğurla təmsil edib, türk dünyasının ortaq mədəni irsinin tanıdılmasına töhfələr verib. Bayraq Radio və Televiziya Qurumu (BRTK) ilə sıx əməkdaşlıq edən sənətçi televiziya və mədəniyyət layihələrinin fəal iştirakçılarından biridir.
Azərbaycana səfəri barədə danışan Cem Kafkas bildirib ki, KKTC-dən dövlət sənətçisi kimi Azərbaycana rəsmi dəvət alması onun üçün böyük sevinc və qürur mənbəyidir. O qeyd edib ki, KKTC ilk dəfə belə mötəbər festivalda həm dövlət qurumu, həm də dövlət sənətçisi ilə nümayəndə heyəti şəklində təmsil olunaraq Azərbaycan xalqı ilə bir araya gəlib. O, bu imkanı yaratdıqlarına görə tədbirin təşkilatçılarına və rəsmi qurumlara minnətdarlığını ifadə edib.
Festival zamanı yaşanan mənəvi mühit soy-kökünə bağlılıq hissini daha da gücləndirir
Milli Yaylaq Festivalından aldığı təəssüratları bölüşən sənətçi bildirib ki, tədbirdə əsl türk ruhu hökm sürürdü. Onun sözlərinə görə, iştirakçıların əcdadlarımızın geyimləri ilə qarşılanması, tarixi-mədəni atmosferin yaşadılması onlarda köklərinə qayıtmaq hissi yaradıb.
Cem Kafkas vurğulayıb ki, festival zamanı yaşanan bu mənəvi mühit soy-kökünə bağlılıq hissini daha da gücləndirib. O, hesab edir ki, Milli Yaylaq Festivalı türk dünyasının ortaq dəyərlərini yaşatmaq baxımından mühüm platformadır.

Türk dünyasının gələcəyi ilə bağlı fikirlərini də bölüşən Cem Kafkas mədəniyyət və incəsənətin xalqları bir-birinə bağlayan ən güclü vasitə olduğunu bildirib. O qeyd edib ki, əslində türk xalqlarını ayrı-ayrı xalqlar kimi deyil, eyni millətin müxtəlif ləhcələrdə danışan övladları kimi görmək lazımdır.
Sənətçinin sözlərinə görə, bu cür beynəlxalq tədbirlər qardaşların bir-birini daha yaxından tanımasına, münasibətlərin möhkəmlənməsinə və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə birlikdə ötürülməsinə mühüm töhfə verir.










İlk şərhi yaza bilərsiniz