Son yeniləmə: 16 Avqust 2026

BAYRAQDAR MEDİA-nın budəfəki həmsöhbəti istedadlı şair, 9 kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xaçmazda fəaliyyət göstərən “Ocaq” Düşüncə Mərkəzinin fəallarından biri Səxavət Ənvəroğludur.
-Sizi həm dənizçi, həm də şair kimi tanıyırlar. Bəs sizin üçün Səxavət bəy kimdir?
-Gözəl xanım, ilk öncə sizi salamlayıram. Sualınız həm maraqlıdır, həm də, deyərdim ki, məni bir az düşünməyə sövq etdi. Çalışdım ki, adımın mənasına uyğun olaraq sadə bir insan olum. Yəqin ki, buna nail olmuşam.
-Dəniz sizə nə öyrətdi ki, quru həyatında bunu öyrənmək mümkün deyil?
-Dəniz mənə yaşamağı, yanmağı, dözümü, iradəni, dosta, doğmalara və Vətənə sədaqəti, insanlara qarşı ülviyyəti, başqa xalqların nümayəndələri ilə çalışarkən özümə, sözümə, xalqıma dəyər verməyi öyrətdi. Çünki dəniz həyatımda bunları düşünməyə vaxtım çox olurdu. Demək istədiyim — quruda, sahildə sadaladıqlarımı düşünmək üçün yetərincə vaxt olmur, həm də ki, adam dənizdə eşitdikləri ilə yox, gördükləri kimi yaşamağa meyilli olur.
-Ailədən, doğma torpaqdan uzaqda qalmaq insanı necə dəyişir?
-Ailədən, doğma sahillərdən uzaqda qalmağı heç kimə arzulamıram. Düzdür, dünya okeanlarını, uşaqlıqda kitablardan oxuduğumuz qitələri ayıran neçə-neçə boğazları, dənizləri dəfələrlə ekvator boyu üzüb, ölkələri, şəhərləri, qarış-qarış gəzib dolaşdıqca dünyaya, insanlara baxış dəyişir, insanın Vətəninə, xalqına, ailəsinə, sevdiklərinə sevgisini daha da artırır, daha da möhkəmləndirir.
-Fırtına ilə qarşılaşan dənizçi ilə həyatın çətinlikləri qarşısında dayanan insan arasında hansı oxşarlıq var?
-Fırtına ilə qarşılaşan dənizçinin arzusu ümidini itirmədən gəmini təyin olunmuş nöqtəyə sağ-salamat çatdırmaqdır. Oxşarlıq məsələsinə gələndə — qasırğaya düşmüş dənizçinin imkanları məhduddur, amma sahildə olan adamın çıxış yolu daha çoxdur. Hər peşə sahibinin öz çətinlikləri var, amma onları dənizçiyə oxşatmaq istəməzdim.
-Şair olmaq üçün mütləq ağrı və ayrılıq yaşamaq lazımdırmı?
-Necə deyim?! Düzdür, yazmaqda mühit özü də böyük rol oynayır. Özümdən götürsəm — ilk şeirlərimi 11 yaşımdan yazmağa başlamışam. Bəlkə də düşünməyə, yazmağa anasızlıq məni məcbur edib. Ayrılığın, hicranın, ağrıların da şairliyimdə əməyi az olmayıb. (Yarızarafat olsa da, həqiqətdir.)
-Dünyanın müxtəlif yerlərini gördükdən sonra Azərbaycan sizin üçün necə görünürdü?
-Harada olmağımdan, gözəlliklərdən asılı olmayaraq səfərə gedəndə qapıdan ayağımı çölə qoyan kimi geri qayıtmaq arzusunu, həsrətini arxaya baxa-baxa ürəyimdə daşımışam. Mənim üçün Azərbaycan hər zaman müqəddəs olub. Vətən, el-oba, yurd-yuva, Azərbaycan haqqında yazdığım şeirlər kitablarımın vərəqlərini bəzəyir. Hətta Azərbaycan haqqında yazdığım şeirim bəstələnərək efirlərdə də ifa olunub. Mənim üçün Azərbaycan ürəyimin bir parçasıdır.
-Ailə başçısı Səxavət bəy ilə şeirlərdəki Səxavət bəy eyni insandır?
-Bəli, mənim üçün ailə hər şeydən önəmli və əzizdir. Həmin şeir və hekayələrdəki insan da elə özüməm.
-“Xatirələr qocalmır” demisiniz. Bəs ən çox hansı xatirələr?
-Ən çox qocalmayan, unudulmayan xatirələr uşaqlıq və gənclik illərim, ilk eşqə düşdüyüm anlar, tələbəlik illərim, xarici səfərlərimdir. Yazılarım, bütün şeiriyyətim bunlarla bağlıdır
-2020-ci ildə çap olunan kitabınızın adı ilə desək, “Gedirəm…” dediyiniz yol bu gün hara aparır?
-Bu, təsadüfdən yaranmış bir mövzudur. Payız ayları idi. Evdə tək-tənha oturmuşdum. Bir az da səhhətimlə əlaqədar əziyyət çəkirdim. Pəncərəyə baxanda dəstə ilə uçan köçəri quşları görüb, kövrəldim. Düşündüm ki, mənim də payızım, son baharım yavaş-yavaş yaxınlaşır. Oradan da bu şeir, bu mövzu yarandı. Amma heç yerə getmirəm, məni arxasınca aparan yaradıcılıqdır.
-Bu gün ədəbi mühitdə ən çox nəyin çatışmadığını düşünürsünüz?
-Bu gün ədəbi mühitdə ən çox çatışmayan məsələlərdən biri, məncə, sağlam ədəbi tənqidin olmamasıdır. Hər kəs yazdığını öz istədiyi kimi təqdim etməyi bir növ məcburiyyət kimi qəbul edir. Tənqidlə təhqirin sərhədləri düzgün müəyyənləşdirilmir. Ən önəmlisi isə şair və yazıçıların kitablarının nəşrində və satışında yetərli dəstəyin olmamasıdır.
-“Ocaq” Düşüncə Mərkəzində sizi cəlb edən əsas məqam nədir?
-Məni “Ocaq” Düşüncə Mərkəzinə cəlb edən əsas məqamlardan biri gənc yazar və yaradıcı insanlara üstünlük verilməsidir. Burada hər kəsin öz yerini və məsuliyyətini bilməsi, bir-birinə hörmətlə yanaşması da mənim üçün önəmlidir. Ən əsası isə “Ocaq”dakı inkişafın və yaradıcı mühitin gələcəyin daha parlaq olacağından xəbər verməsidir.
-Gənc istedadı necə tanımaq olar?
-Gənc istedadı tanımaq üçün onun xasiyyətinə, dünyagörüşünə bir qədər bələd olmaq lazımdır. Bir-iki şeirini öz dilindən dinləyəndə isə artıq nəyə qadir olduğunu hiss etmək mümkündür.
-İnsan nə vaxt sadəcə yazan biri olmaqdan çıxıb şairə, yazara çevrilir?
-Onu təbliğ edən, ədəbi mühitə çıxaran və yazdıqlarını oxuyan oxucuları olanda. İnsan ilk növbədə yazdıqlarına özü əmin olmalıdır.
-İllər sonra Səxavət Ənvəroğlunun adı ilə yanaşı hansı adların çəkilməsini istərdiniz?
-Düzünü desəm, bu barədə heç bir zaman düşünməmişəm. Yəqin ki, bunu zaman özü göstərəcək.
-Şeir mahnıya çevriləndə bəzən elə təsəvvür yaranır ki, sözlər şairdən ayrılaraq bəstəkarın və ifaçının dünyasına keçir, şairin adı isə arxa planda qalır. Sizdə də belə bir hiss yaranırmı, yoxsa, əksinə, mahnılar Səxavət Ənvəroğlunu daha çox tanıdır və xatırladır?
-Səhv etmirəmsə, mənim şeirlərimə bəstələnmiş 15-dək mahnı var. Onları tanınmış ifaçılar, müğənnilər ifa edəndə şeir müəllifi kimi adımı çəkirlər. Bu, çox xoş təsir bağışlayır mənə. Ona görə ki, dostlarım, tanışlarım məni təbrik edir, uğurlar arzulayıb yeni yaradıcılığıma dəstək olurlar.
-“…Dirənib sözündə demə bilirəm,
Bildiyin çoxdusa, saxla özündə…”
Səxavət bəy, bu misralarınıza müsahibəmizdə də sadiq qaldınız?
-Çox sağ olun, Gözəl xanım, hər şeydən qiymətli olan vaxtınızı mənə sərf etdiyiniz üçün, göstərdiyiniz qayğıya, diqqətə, bu səlis və unudulmaz müsahibəyə görə təşəkkür edib, minnətdarlığımı bildirirəm. Hər zaman nəsibiniz uğurlar olsun.
-Bir neçə cümlə ilə necə sağollaşardınız ki, bu, “yenidən görüşəcəyik” deyən bir vəd kimi səslənsin?
-Bu müsahibənin davamı kimi bir dənizçi-şairin tükənməz həyat hekayələrini, suallara cavablarını öz dilindən eşitmək diləyi ilə…










İlk şərhi yaza bilərsiniz