Press "Enter" to skip to content

Türkologiyanın 100 illiyi ilə bağlı daha bir mühüm tədbir

Son yeniləmə: 7 Sentyabr 2026

Bakıda XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu keçiriləcək

BAYRAQDAR MEDİA – 9–12 sentyabr tarixlərində Bakıda Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu keçiriləcək. “Altay çalışmalarının dünəni, bu günü və sabahı” mövzusuna həsr olunan beynəlxalq elmi tədbir Azərbaycan Milli Elmlər Akademiyasının və onun Mərkəzi Elmi Kitabxanasının məkanlarında təşkil olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat daxil olub.

Türkoloji elminin mühüm beynəlxalq platformalarından biri

Qeyd edək ki, Bakıda keçiriləcək XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu türkoloji elminin mühüm beynəlxalq platformalarından biri kimi diqqət çəkir. Tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkologiya Qurultayının 100 illiyi münasibətilə təşkil olunur. Proqramda Türk dünyasının tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti, arxeologiyası, etnoqrafiyası və Altay araşdırmalarının müxtəlif istiqamətləri üzrə geniş elmi müzakirələrin aparılması nəzərdə tutulub.

Simpoziumun fəxri prezidentləri arasında mühüm isimlər var

Beynəlxalq tədbirin fəxri prezidentləri sırasında qardaş Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başkanlığının (YTB) rəhbəri Abdulhadi Turus, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren, Türk Tarix Qurumunun sədri Prof. Dr. Haluk Selvi, AMEA prezidenti Prof. Dr. İsa Həbibbəyli, Türk Dövlətləri Təşkilatının baş katibi, səfir Kubanychbek Omuraliev və Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev yer alırlar.

Fəxri prezidentlər sırasında, həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Zhanseit Tuimebaev də olacaq. Bu heyət simpoziumun yalnız akademik deyil, eyni zamanda Türk dünyasının elmi və institusional əməkdaşlığı baxımından əhəmiyyətini nümayiş etdirir.

Simpozium iclaslarına tanaınmış şəxslər rəhbərlik edəcək

Tədbirin sədrliyini Prof. Dr. Halit Eren, Prof. Dr. Hikmət Quliyev və Prof. Dr. İlhan Şahin həyata keçirəcəklər.

Təşkilat Komitəsinin tərkibində isə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çin, Yaponiya, Monqolustan, Polşa, Almaniya, Macarıstan, Hindistan, Rusiya Federasiyası və Tayvanı təmsil edən alimlər yer alıb.

Açılış mərasimi AMEA-nın İsmailiyyə binasında olacaq

Simpoziumun açılış mərasimi 9 sentyabrda AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə binasında keçiriləcək.
Proqrama əsasən, həmin gün saat 12:30-da qeydiyyat başlayacaq, 14:00–15:00 arasında protokol çıxışları olacaq. Ardınca mədəni proqram, axşam isə Türk Akademiyasının təşkilatçılığı ilə şam yeməyi keçiriləcək.

Elmi məruzələr dörd gün davam edəcək

10 və 11 sentyabr tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif bölmələr üzrə çoxsaylı elmi sessiyalar keçiriləcək. İlk günün əsas məruzəçiləri arasında Zhanseit Tuimebaev, Saadettin Yağmur Gömeç, Vladislav Kokoulin, Enkhbat Avirmed, Feridun M. Emecen, Danuta Chmielowska, Nergis Biray, Anar Salkynbay və Hikmət Quliyev kimi alimlər var.

Məruzələrdə türk tarixinin başlanğıcı və Hun-İskit məsələsi, qədim türklər və Türk xaqanlığı, Göytürklərin din və inanc sistemi, türkçülük, Altay araşdırmalarının inkişafı, 1926-cı il Bakı Türkologiya Qurultayı və qazax alimlərinin həmin qurultaydakı çıxışları kimi mövzular müzakirə olunacaq.

Sonrakı sessiyalarda isə Türk dünyası dastanları, “Manas” fəlsəfəsi, Altay mədəniyyəti, muzey kolleksiyaları, türk sarayları, köçəri həyat tərzi, Türk dünyasının xarici siyasətdə yeri, Azərbaycan geopolitikası, Dərbəndin tarixi rolu, Oğuz və Kelt dastanları, “Kitabi-Dədə Qorqud” və digər mövzular ətrafında çıxışlar dinləniləcək.

Simpoziumda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Monqolustan, Çin, Yaponiya, Hindistan, Macarıstan, Polşa, Almaniya və digər ölkələrdən alimlərin iştirakı nəzərdə tutulur.

Proqramda Güljanat Kurmangaliyeva Ercilasun, Michael Knüppel, Phool Badan, Sándor Papp, Tao Zan, Yue Shi, Ulara Tamura, Zina Murzalieva, Dolgorsuren Jamiyan, Kulzhamal Dzhamankulova və çoxsaylı digər tədqiqatçıların məruzələri yer alıb.

Simpozium panellərlə davam etdiriləcək

12 sentyabrda tədbirin proqramında xüsusi panellər nəzərdə tutulub. Onlardan biri “Köçəri araşdırmalarının dünəni, bu günü və sabahı”, digəri isə “Altay topluluqlarında şifahi tarix metodu və araşdırmaları: Qırğızıstan və Qazaxıstan nümunəsi” mövzusuna həsr olunacaq. Panellərdə Emine Erdoğan Özünlü, Sadullah Gülten, Alpaslan Demir, İlhan Şahin, Güljanat Kurmangaliyeva Ercilasun və Konuralp Ercilasun çıxış edəcəklər.

Daha sonra VIII sessiya keçiriləcək və saat 11:15-də simpoziumun bağlanış mərasimi olacaq.

Beləliklə, XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu 1926-cı il Bakı Türkologiya Qurultayının 100 illiyinin qeyd olunması ilə yanaşı, Altayşünaslıq və türkologiyanın müasir vəziyyətinin, qarşıda duran elmi və metodoloji vəzifələrin müzakirəsi baxımından mühüm beynəlxalq elmi platforma olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.