BAYRAQDAR MEDİA – Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Macarıstanın Seqed Universitetinin professoru, Altayşünaslıq kafedrasının və Orta əsrlər və erkən yeni dövr macar tarixi kafedrasının müdiri Şandor Papp Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qonaq MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb. Görüş zamanı MEK rəhbəri Azərbaycan və Macarıstan kitabxana və elmi qurumları arasında uzun illərə dayanan səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Direktor dünya şöhrətli türkoloq alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georg Xəzainin şəxsi kitab kolleksiyasının vaxtilə MEK-ə hədiyyə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda kolleksiya kitabxananın fondunda xüsusi şəraitdə mühafizə olunur”.
Ardınca xəbərdə, “Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirakından bəhs edən Ş.Papp MEK-də tədqiqatçılar üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşün sonunda qonağa Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli ilkin mənbələrdən biri hesab olunan, Azərbaycan-türkman tayfasının nümayəndəsi, Səfəvi tarixçisi İsgəndər bəy Münşinin qələmə aldığı “Dünyanı bəzəyən Abbasın tarixi” adlı kitab hədiyyə edilib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz