Press "Enter" to skip to content

Fikrət Əliyev: Bu, mənim üçün həm böyük məsuliyyət, həm də böyük etimaddır

Fikrət Əliyev

BAYRAQDAR MEDİA – Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayına hazırlıq işləri sürətlə davam edir. Bu çərçivədə rayon təşkilatlarında konfranslar keçirilir və qurultaya nümayəndələr seçilir. Sentyabrın 12-də YAP Binəqədi rayon təşkilatının XI konfransı keçirilib və partiyanın VIII qurultayına nümayəndələr seçilib.

Konfransda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın Azərbaycanın siyasi, iqtisadi və ictimai inkişafında mühüm rol oynadığı, Prezident, YAP Sədri İlham Əliyevin Ulu Öndərin siyasi strategiyasını uğurla davam etdirdiyi bildirilib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının bu siyasətin ən mühüm nəticələrindən biri olduğu vurğulanıb.

VIII qurultaya nümayəndə seçilənlərdən biri də YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İncəçay küçəsi 3 cü döngə giriş 2 (Unity Company) ünvanında yerləşən ərazi təşkilatının sədri, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədr müavini Fikrət Əliyevdir.

Fikrət Əliyev BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib ki, YAP-ın bütün qurultayları kimi, bu qurultay da Azərbaycanın ictimai-siyasi həyatında diqqətlə izləniləcək və yadda qalacaq: “Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda ölkəmizin qarşısına yeni hədəflər qoyulub. Azərbaycanın bir nömrəli siyasi partiyası olan YAP yeni reallıqlara və yeni dövrün çağırışlarına uyğun fəaliyyət göstərir. Əminəm ki, bu qurultayda da tarixi müzakirələr aparılacaq, mühüm qərarlar qəbul ediləcək. YAP qəbul olunacaq qərarlarla yeni dövrün tələblərinə cavab vermək üçün ön sırada getməyə hazır olduğunu bir daha nümayiş etdirəcək”.

Fikrət Əliyev qurultaya nümayəndə seçilməsini böyük məsuliyyət və etimad kimi qiymətləndirib: “Bu qurultayın da tarixdə xüsusi məqamlarla yadda qalacağına inanıram. Qurultaya nümayəndə seçilməyim mənim üçün həm böyük məsuliyyət, həm də böyük etimaddır. Partiyanın hər bir üzvü yeni dövrün tələblərinə və çağırışlarına hazır olmalıdır. Biz qarşıdakı mərhələdə YAP-ın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə öz töhfəmizi verməliyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.