BAYRAQDAR MEDİA – Oktyabrın 13-ü istedadlı ədəbiyyatşünas, publisist, pedaqoq, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri, Mərkəzi Elmi Kitabxananın (MEK) ilk direktoru Hənəfi Zeynallının anım günüdür. Bununla əlaqədar MEK-də alimin həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə H.Zeynallının folklorşünaslıq, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahələrindəki fəaliyyətini əks etdirən nəşrlər nümayiş olunur. Təqdim edilən əsərlər arasında “Seçilmiş əsərləri”, “Azərbaycan nağılları”, “Azərbaycan atalar sözü”, “Azərbaycan tapmacaları”, “Azərbaycan türk mahnıları haqqında”, “Ədəbiyyat dərsləri”, “Ədəbiyyat müntəxabatı” və digər kitabları, eləcə də ədəbi-tənqidi məqalələri yer alır. Burada H. Zeynallının həyat və yaradıcılığına həsr olunmuş N. Qurbanovanın “Hənəfi Zeynallı” və S. Mümtazın “El şairləri” kitabları da təqdim edilir. Sərgidə, həmçinin özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” tarixi romanı nümayiş olunur. XX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan özbək əsilli dilçi Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə Azərbaycan dilinə tərcümə edilərək “Azərnəşr”də çap olunan əsərin redaktoru H. Zeynallı olub”.
Ardınca xəbərdə, “H. Zeynallı elmi və təşkilati fəaliyyəti ilə də Azərbaycan elminin inkişafına töhfələr verib. O, 1923-cü ildə təsis edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”ndə folklor komissiyasının sədri vəzifəsində çalışıb, həmçinin Azərbaycan Elmlər Akademiyasının Azərbaycan filialında folklor şöbəsinə rəhbərlik edib. O, 1925-ci ilin avqustunda Cəmiyyətin elmi kitabxanası ilə Biblioqrafiya Bürosunun birləşdirilməsi nəticəsində yaradılmış “Kitabxana-Biblioqrafiya Bürosu”nun sədri seçilib. H.Zeynallı bir əsr əvvəl Bakıda keçirilən, Türk dünyasının tanınmış türkoloqlarını bir araya gətirən ilk məclisin fəal iştirakçılarından biri olub. O, bir sıra qurultay nümayəndələri kimi, 1937-ci il repressiyalarının qurbanına çevrilib və həmin il oktyabrın 13-də güllələnib” deyə bildirilir.
Qeyd edək ki, sərgi iki həftə davam edəcək. Təqdim olunan nəşrlərlə MEK-in saytı vasitəsilə onlayn şəkildə də tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz