Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 22 Oktyabr 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Görüşdə sənaye, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti və yeni birgə layihələrin təşviqi məsələləri barədə fikir mübadiləsi aparılıb. İtaliyanın texnologiya və mühəndislik təcrübəsinin Azərbaycanın qeyri-neft-qaz sənayesinin inkişafı üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.

Mədənçilik və metallurgiya, kritik minerallar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində tərəfdaşlıq potensialı nəzərdən keçirilib. İstehsalın modernləşdirilməsi, texnologiya transferi və yüksək əlavə dəyərli məhsulların istehsalı istiqamətində biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Birgə layihələrin dəstəklənməsi üçün İtaliyanın maliyyə və investisiya institutları ilə əməkdaşlıq perspektivlərinə toxunulub.

“Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın “Eni” ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İtaliyanın beynəlxalq enerji şirkəti olan “Eni” dünyanın müxtəlif ölkələrində neft və qazın kəşfiyyatı və hasilatı, emalı və satışı ilə yanaşı, bərpa olunan enerji, bioyanacaq və karbon emissiyalarının azaldılması üzrə layihələr həyata keçirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.