BAYRAQDAR MEDİA – Noyabrın 8-də Azərbaycan xalqı və onunla bərabər bütün dünyadakı dostlarımız Zəfər Bayramını qeyd etdi. Hətta qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Qarabağa gəldi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində bu bayramı bizimlə birgə qeyd etdi. Hər iki qardaş ölkənin qardaş rəhbərləri bütün dünyaya Şuşadan, Xankəndidən, Xocalıdan göründülər, səsləndilər. Dostlar sevindi, düşmənlər isə xar oldu…
Elə həmin gün qonşu İranın vitse-prezidenti Həmid Purməhəmmədi də bir səfər etmişdi. Amma müsəlman ölkəsi Azərbaycana deyil, işğalçı, soyqırımçı Ermənistana!
Buna da o qədər bənd olmaya bilərdik. Di gəl, bu “şiə qardaşımız” İrəvanda elə bir oyundan çıxdı ki, əsl müsəlmanlar buna görə onu rahat bir şəkildə kafir elan edə bilərdilər. Amma etmirlər, etmədilər…
Bu Həmid Purməhəmmədi İrəvanda Azərbaycanın tarixi mirası olan və ayaqda duran yeganə məscid – Göy Məscidə baş çəkdi. Onun burada olması da sadəcə bir məscid ziyarəti deyildi. Ermənistan həmin məsciddə bir salona bir erməninin – Yegişe Çarents adlı şairin adını verdi həmin gün! Özü də bu “şiə təəssübkeşi” Həmid Purməhəmmədinin iştirakı ilə!
Ermənistan, hələ 1760-cı illərdə Hüseynəli Xan tərəfindən tikdirilmiş və Azərbaycanlılara aid olması heç kəsdə şübhə doğurmayan bu məscidi fars məscidi kimi təqdim edir!
İran da bunu belə qəbul edir, hələ bir xoşallanır da! Ki, İrəvan guya bir fars yurdu olub, ona görə də məscid farslara aid imiş…
Bir də o məsciddə Əbülqasım Firdovsinin “Şahnamə”sinin erməni dilinə tərcümə edilmiş nəşrinin təqdimatı olub. Yəni ermənilərin və farsların rəsmiləri əl-ələ verərək türkləri – əsas da biz Azərbaycanlıları qıcıqlandırmaq üçün o ki var çalışıblar!
Bizdə isə bəzi kəsimlər sadəlövhcəsinə iddia edir ki, İran islamın, özəlliklə də şiəliyin keşikçisidir! Budurmu sizin şiə keşikçiniz?
Yəqin kimlərsə dərhal bəzi sualları ilə üstümüzə gəlməyə başlayacaq. Elə onu əvvəlcədən hiss etdiyimiz üçün bəzi gerçəkləri bir-bir izah edirik.
Birincisi, sözügedən Göy məscid Azərbaycana aiddir. Çünki o məscid tikilərkən İrəvanda bizim soydaşlarımız – əcdadlarımız yaşayırdı, ora nə erməni, nə də fars şəhəri idi. İrəvan bir Azərbaycan xanlığı idi, bunu İranın başbilənləri bizdən də yaxşı bilir!
İkincisi, adı həmin məscidə verilmiş erməni şair Yegişe Çarents bir kommunist – bolşevik olub. Kommunistlər isə, bir qayda olaraq bütün dinləri, özəlliklə də islamı rədd edir, özləri də ateist olur! Yəni Allahı belə danır kommunistlər! İndi necə olur ki, bir Allahsızın adı müsəlman-şiə məscidinə verilir? Necə olur ki, bu mərasimdə “şiəliyin qoruyucusu” olduğunu iddia edən İranın vitse-prezidenti də iştirak edir? Bəs din, iman, məzhəb?
Üçüncüsü, fars şairi Əbülqasım Firdovsi sağlığında indiki fars-molla rejiminin təmsilçiləri kimi türk düşməni idi. O da türklərə nifrət edirdi! Elə həmin o Göy məsciddə ermənicə təqdimatı keçirilmiş “Şahnamə” başdan ayağa türkə nifrət üzərində köklənib! Bu baxımdan kitabın bu sayaq, özü də Azərbaycanın Zəfər Günündə, Azərbaycan mirası olan məsciddə ermənilər və farslar tərəfindən təqdim edilməsi təsadüf sayıla bilməz! Yəni “şiə qardaşlarımız” olan farslar bu günü məxsusi seçiblər!
Amma və lakin!
Ermənilər öz yerində, amma bu farslar da, belə anlaşılır ki, tarixdən dərs çıxarmayıblar! Çıxarsaydılar, bir zamanlar böyük əcdadımız, türk dünyasının ən böyük fatehlərindən olan Əmir Teymurun 1381-ci ildə Tus şəhərində Firdovsinin məzarı üstündə dediyi bu sözləri yada salar və hədsizlik etməzdilər: “Ey Firdovsi, qalx! Qalx da, hər sətrində pislədiyin, kiçik hesab etdiyin məğlub türkü indi gör! Qalx da bax, İsfahanmı gözəldir, yoxsa Səmərqəndmi? Bağdaddan bu yatdığın yerə qədər fars buraxmadım…”
Belə anlaşılır ki, yeni bir Əmir Teymur çıxacaq və növbəti dəfə farslara, onların doğma qardaşı olan ermənilərə dərs verməli olacaq.
Əslində, biz farslara və ermənilərə belə bir dərsi düz 6 il öncə vermişdik. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını onlarla bərabər farslar da çapıb-talayırdı bir vaxtlar. Üstəlik Azərbaycan şiələrinə aid məscidləri də elə bu “şiə himayədarı” farslar erməni qardaşları ilə birlikdə dağıdırdılar. Amma ikiüzlülük edərək Şuşada Gövhər Ağa məscidini abadlaşdırıb fars abidəsi kimi təqdim edir, ermənilərlə birlikdə burada da Azərbaycana düşmən münasibət bəsləyirdilər…
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də günün birində elə lap Əmir Teymur kimi ermənilərə və farslara o məscidin də, o torpaqların da kimə aid olduğunu göstərdi! Göstərdi və dünyaya sübut etdi ki, heç kim bizim bir qarış torpağımıza, tək bir abidəmizə – mirasımıza göz dikə bilməz!
İndi İrəvandakı Göy məscidlə bağlı da elə olacaq. Gün gələcək, elə İlham Əliyev o məsciddən – İrəvanın tən ortasından dünyaya səslənəcək, İran adlı xalqlar həbsxanasına da sözünü deyəcək. Hərçənd İranın o vaxta qədər yaşayacağı da şübhəli məsələdir…






İlk şərhi yaza bilərsiniz