Press "Enter" to skip to content

Livanlı muzdlu terrorçuların işi məhkəməyə göndərildi

Bayraqdar.info – Mayın 5-də Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatı yayılıb. Məlumatda bildirilir ki, 44 günlük Vətən müharibəsi zamanı silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməkdən çəkinməyib. Onlar beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan istifadə ediblər.

Məlumatda daha sonra bildirilir ki, Livan vətəndaşı Eulcekcian Viken Abraham və digərlərinin maddi mükafat qarşılığında muzdlu döyüşçü dəstəsi kimi Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri məlum olub. Bununla əlaqədar, DTX-nın İstintaq Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla müəyyən olunub ki, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham 2020-ci ilin 29 senytabrında digər Livan vətəndaşı Hovak Kikiyanın 2 min 500 ABŞ dolları qarşılığında muzdlu kimi Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib.

Bu məqsədlə həmin gün muzdlu döyüşçülər mütəşəkkil dəstə halında qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycana keçərək digər muzdluların da olduğu ərazilərə gəliblər.

Daha sonra məlumatda göstərilir ki, həmçinin, Viken Eulcekcian və dəstəsi qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşları və ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak edib.

“Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana AR CM-nin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham olunaraq həbs ediliblər”, – deyə açıqlamada vurğulanır.

Qeyd edilir ki, 2021-ci il mayın 5-də muzdlu terrorçuların cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.

Mission News Theme by Compete Themes.