Press "Enter" to skip to content

“İnklüziv Teatr”da işləmək mənə zövq verir

Bayraqdar.info – Məlum olduğu kimi, Akademik Musiqili Teatrda YUNESKO tərəfindən təsdiq olunan “İnklüziv Teatr” layihəsi davam edir.

Teatrdan sentyabrın 9-da bayraqdar.info-ya verilən xəbərdə göstərilir ki, Musiqili Teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev bura cəlb olunan gənclərlə işindən söhbət açıb:

“Olduqca maraqlı və istedadlı gənclərdir. Eşitməsələr də, danışa bilməsələr də biz bir-birimizi çox gözəl başa düşürük. Onlarla işləməkdən hədsiz zövq alıram. İstər mən, istərsə də quruluşçu rejissor, Xalq artisti Pərviz Məmmədrzayev bu gənclərə o qədər ümid bəsləyirik ki… Biz məşqlərimizi təbii ki, pandemiya qaydalarına uyğun və tələb olunan digər gigiyenik qaydalara ciddi əməl etməklə qururuq. İnanın ki, bu uşaqların hər biri sanki öz yoldaşlarının üstündə nəzarətçidirlər, qaydaların pozulmaması üçün sanki hər kəs məsuliyyət daşıyır, hər kəs o birinə nəzarət edir. Özlərində də sənətə o qədər böyük sevgi var ki…

Məşq saatları bitəndə belə, Pərviz müəllimdən də, məndən də xahiş edirlər ki, məşqi bir az da davam etdirək. Biz əminik ki, hazırlanan bu tamaşa sadəcə bir layihə formatında başa çatıb unudulmayacaq. Bizim bu istedadlı, özləri danışmasalar da ürəkləri ilə hamıya onları əhatə edən gözəllikləri çatdırmaq istəyən, özləri eşitməsələr də, qəlblərinin səsi ilə gözəlliklərə qovuşmaq üçün əllərindən gələni edən inklüziv teatr studiyasının bu üzvləri ilə layihə bitəndən sonra da davamlı və uğurlu işlər görəcəyik”.

Teatrdan o da qeyd edilib ki, E. Əliyev Baki Xoreoqrafiya məktəbini 2000-ci ildə bitirib. Daha sonra Bakı Xoreoqrafiya Akademiyasında baletmeyster ixtisasına yiyələnib.

“2008-ci ildə Əməkdar artist fəxri adına layiq görulən baletmeyster uzun illər Xalq artisti, görkəmli balet ustası Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb. O, bu kollektivlə birlikdə dünyanın saysız ölkələrində Azərbaycanın milli rəqslərini ləyaqətlə təbliğ edib.

“Artıq bir neçə ildir ki, Musiqili Teatrda əvvəlcə rəqqas, daha sonra isə baletmeyster kimi fəaliyyət göstərən E.Əliyev rəqslə təqdim edilən “Nəsimi”, “Qalib əsgər”, Sarı gəlin” kimi maraqlı layihələrin yaradıcısıdır”, – deyə Teatrın xəbərində deyilir.

Mission News Theme by Compete Themes.