Press "Enter" to skip to content

Uğurlarımızın memarı. Ulu öndərin əziz xatirəsini anarkən

Heydər Əliyev

Son yeniləmə: 12 Dekabr 2021 10:01

Müstəqil Azərbaycanın qazandığı bütün uğurların kökündə Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət dayanır

Bayraqdar.info – Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Həm Sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə böyük bir məktəb qoyub gedib. Bu dahi şəxsiyyətin əsasını qoyduğu siyasət isə bizi hər ötən gün yeni-yeni uğurlara aparır.

Dövləti və xalqı üçün misilsiz xidmətlər göstərən lider

Hər bir uğurlu dövlətin, yerləşdiyi bölgədə və qlobal məkanda söz sahibi olmağı bacaran ölkənin arxasında həmin ölkəni bütün problemlərdən xilas edərək, bütün çətinliklərdən qurtararaq ayaq üstdə saxlayan və ona çoxsaylı nailiyyətlər qazandıran milli lider dayanır. Öz quruculuq işləri, misilsiz fəaliyyətləri və genişmiqyaslı inkişaf proqramları ilə tarixə adlarını yazdıran belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir.

Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində daxili savaş, etnik bölücülük, o cümlədən işğalla üz-üzə qalan, bütün bunların fonunda da öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı həm xilas etdi, həm də qısa bir zamanda beynəlxalq birliyin, xarici dövlətlərin, beynəlxalq iqtisadi maliyyə qurumlarının diqqət mərkəzində olan bir ölkəyə çevirdi.

Heydər Əliyev Azərbaycanı zənginləşdirəcək ilk neftin sevincini bölüşür

Ulu öndərin anım günündə biz onun istər Sovetlər dövründə, istər Naxçıvan Muxtar Respublikasına, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi genişmiqyaslı işlərdən ətraflı şəkildə bəhs edə bilərdik. Lakin düşündük ki, bu dahi şəxsiyyətin fəaliyyətinin bütün dövrlərində xüsusi önəm verdiyi, diqqət və qayğı ilə yanaşdığı gənclərlə bağlı məqamın üzərində dayanmaq günümüzün dəyəri baxımından daha məqsədəuyğun ola bilər.

Günümüzün dəyəri deyərkən, ona vurğu etmək istəyirik ki, ötən il 44 günlük şanlı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək torpaqlarımızı işğaldan azad etmiş gənc nəsil məhz Ulu öndər Heydər Əliyev məktəbinin, cənab Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu barədə bir qədər sonra.

Ulu öndər gənclərə inanır və etibar edirdi

Hələlik isə qeyd edək ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin ilk keçirdiyi görüşlərdən biri məhz gənclərlə oldu.

Əslində, Ulu öndərin Sovetlər dönəmində də Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşdığını xatırlasaq, o zaman bu görüşü təbii qarşılamalıyıq. Lakin dövrün, yəni ötən əsrin doxsanıncı illərinin əvvəlində baş verən proseslərin prizmasından baxanda deyə bilərik ki, bu görüş özündə uzaqmənzilli, strateji və düşünülmüş məqsədləri əks etdirirdi.

Belə demək mümkündürsə, bu görüş özlüyündə bütün mənalarda bütövlükdə böyük bir mesaj, böyük bir hədəfə doğru atılan ilkin addımda gənclərə rəhbər, lider çağırışı idi. Yəni müstəqil Azərbaycanın rəhbərliyinə gələrkən ilk görüşünü gənclərlə keçirən Ulu öndər Heydər Əliyev bununla bir mesaj vermiş oldu ki, gənclərə etibar edir, onların müstəqil dövlətin quruculuq siyasətinin reallaşmasında ön sıralarda getməsini istəyir.

Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində pərişan, dağınıq halda olan, bəzən də xarici qaranlıq qüvvələrin təsiri altına düşən gənclik məhz bu görüşdən sonra toparlandı, özünə gəldi və ona göstərilən etimadı doğrultmaq üçün səylə çalışdı. Heydər Əliyevin gənclərlə keçirdiyi görüşlər, onun rəhbərliyi ilə atılan addımlar, imzalanan fərman və sərəncamlar isə gəncliyin gücünə əlavə güc qatdı.

Uğurlu gənclər siyasəti öz bəhrəsini verdi

Beləliklə, uğurlu gənclər siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı – Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzaladı.

Bununla yanaşı mərhələ-mərhələ gənclərin müxtəlif sahələrdə irəli çəkilməsinə, idarəçilikdə fəal, bacarıqlı, bilikli gənclərə üstünlük verilməsinə başlandı. Ötən illərdə qət edilən məsafə, əldə olunan uğurlar, o cümlədən Vətən savaşındakı tarixi Zəfərimiz bu siyasətin öz bəhrəsini verdiyini əyani şəkildə ortaya qoydu.

Necə ki, Sovetlər dönəmində Ulu öndərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərdiyi gənclər müstəqilliyimizin ilk illərində sosial-iqtisadi siyasətin reallaşmasında öz bilik, bacarıq və əməklərini əsirgəmədilər, necə ki, Heydər Əliyevin min bir əziyyət hesabına yaradılmasına nail olduğu Cəmşid Naxcıvanski adına Ali Hərbi Liseyin məzunları Birinci Qarabağ savaşında şücaətlə Vətənimizin müdafiəsində iştirak etdilər, eyni ilə də müstəqillik illərində diqqət və qayğı ilə əhatə olunan gəncliyimiz ona olan etimadı tam doğrultdu.

Həmin etimadın doğruldulduğunu qısa sözlə izah etmək üçün yuxarıda qeyd etdiyimiz bir misalı yenidən təkrarlamağı vacib sayırıq. Ötən il 44 günlük şanlı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək torpaqlarımızı işğaldan azad etmiş gənc nəsil məhz Ulu öndər Heydər Əliyev məktəbinin, cənab Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 ildə uğurla davam etdirilib

Bəli, bu bir həqiqətdir ki, Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 ildə uğurla və ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu ildə “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Layiqli liderin layiqli davamçısı

Ümumiyyətlə, bütün sahələrdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları Azərbaycanda bilikli, elmli, sağlam və vətənpərvər gənclər ordusunun yetişməsinə təkan verib.

Ulu öndərin xatirəsi fonunda vətənpərvər gənclik məsələsinin üzərində xüsusi dayanmağı da vacib hesab edirik. Azərbaycançılıq ideologiyasının əsasını qoyan Heydər Əliyev gənclərimizə dövlətini, xalqını, bayrağını sevməyi tövsiyə edirdi. Təbii ki, bunun üçün də gənclər vətənpərvər ruhda böyüməli idi.

Ulu öndərdən bu məsələdə də estafeti təhvil alan cənab İlham Əliyev həm gənclərlə bağlı uğurlu dövlət siyasətinin davam etdirilməsi üçün imzladığı müvafiq dövlət sənədləri, həm də milli maraqların müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması məsələsində sərgilədiyi qətiyyətli mövqe ilə qarşıya qoyulan hədəfə nail oldu.

Bu gün Ulu öndərin ruhu şaddır

Dövlət başçısının 2021-ci ilin əvvəllərində Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən bəyan etdiyi “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib” sözləri deyilənləri bir daha təsdiqləyir.

Beləliklə, məhz bu cür vətənpərvərlik ruhunda böyüyən gənclik 2020-ci ildə tarix yazdı. Dövlət başçısının bəyan etdiyi kimi, “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Bu qələbə ilə həm də Ulu öndərin işğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı vəsiyyətinə əməl edildi. Bunu Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciətində “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəım”, – deyərək dəyərləndirdiyi cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında vətənpərvər Azərbaycan gəncliyi etdi.

Biz, bu gün dahi şəxsiyyətin xatirəsini anmaqla yanaşı vurğulamaq istəyirik ki, Ulu öndərin ruhu şaddır. Çünki onun özü qədər inandığı cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Vətən müharibəsində Zəfər əldə edərək tarix yazıb və regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın qazandığı bütün uğurların kökündə məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət dayanır. Bu siyasət bizi bundan sonra da yeni-yeni uğurlara aparacaq.

Mission News Theme by Compete Themes.