BAYRAQDAR MEDİA – Şair, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu Əkbər Qoşalının ingiliscəyə çevrilmiş şeirləri Rumıniyanın “World Literature Academy” Ədəbi Birliyinin Vocea Literara saytında, Belçikadakı “Galaktika Poetike Atunis” Beynəlxalq Ədəbi Birliyinin Atunis Poetry saytında, Banqladeşin Rid Times qəzeti və eyniadlı ədəbi saytında yayımlanıb. Dos. Dr. Təranə Turan Rəhimlinin təqdimatı ilə yayımlanan şeirləri ingilis dilinə beynəlxalq saytlarda tərcüməçi imzasına davamlı olaraq rast gəlinən Sevil Gültən çevirib.
Xəbəri BAYRAQDAR MEDİA-ya dekabrın 12-də Ə.Qoşalı verib.
Xəbərdə deyilir ki, adı keçən saytlar beynəlxalq miqyasda yaddaqalan ədəbi layihələrə imza atan ədəbi qurumların orqanı olaraq dünya yazarlarının uğurlarının təbliğatını aparır, ədəbi əlaqələrin genişlənməsinə xidmət edir. Bu anlamda “Atunis Poetry” saytı özəlliklə fərqlənir. Sayt hər ilin yekununda əsərlərini yayımladığı şairlərin iştirakı ilə poeziya antologiyaları nəşr edir.
Ə.Qoşalının “Atunis Poetry” saytında yayımlanan şeirləri 2022-cü ilin yekununda nəşr ediləcək “Galaktika Poetike Atunis” antologiyasına da daxil edilib.





