Press "Enter" to skip to content

İlə pozitiv bir yazı ilə başlayaq

Azər Həsrət

BAYRAQDAR MEDİA – 2023-cü il artıq tarix oldu. Azərbaycanın, dünya azərbaycanlılarının həyatında yaxşı mənada silinməz izlər buraxıb getdi. Ən önəmlisi də odur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bölücü-işğalçılardan azad edilmiş Xankəndinin tən ortasında öz əlləri ilə bir daha enməmək üzrə Azərbaycan bayrağını məhz yola saldığımız ildə yüksəltdi. Bununla da 30 illik həsrətə son qoyuldu, müstəqil Azərbaycan Respublikası ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində yeni bir ili qarşıladı.

Biz ötən ilin hesabatını versək, çox uzun bir yazı yazmalı olarıq. Əlbəttə, irəlidəki günlərdə bu məsələyə qayıdacağıq yəqin ki. İstər-istəməz media, ekspertlər, təhlilçilər ötən ilə bir nəzər salacaqlar. Elə biz də boş duran deyilik. Amma indilikdə siyasi məsələlərdən deyil, sadə vətəndaşı xoşbəxt etmiş bir neçə adi – gündəlik problemdən danışmaq istərdim.

Beləliklə, ötən il yaddaqalan hadisələr sırasında olan dövlətin vətəndaşa yaxşı mənada xidməti ilə bağlı örnəkləri diqqətə çatdırmaq istərdim. O xidmətləri gerçəkləşdirənlər əlbəttə ki, bir təşəkkürü haqq edirlər, biz də o haqqı verməkdə xəsislik etməməliyik.

…İlin sonuna doğru əzizlərimdən biri evdə qəza keçirmişdi. Vəziyyəti yaxşı deyildi. Xaçmazdan Bakıya gətirdik, Bakıda da təcili yardıma apardıq. Təfərrüatlara varmıram, durumu yaxşı deyildi. Bu arada TƏBİB sözün həqiqi mənasında qəzazədəmizi tam qayğı ilə əhatə etdi, qorxulan olmadı və o, qısa bir müddət sonra evə buraxılaraq müalicəsinə uğurla davam etdi. Şükür, indi halı yaxşıdır. Buna görə TƏBİB və onun simasında bütün tibb personalına təşəkkür edirik. TƏBİB-dəki bizim adam – ictimaiyyətlə əlaqələrə məsul şəxs olan həmkarımız Zamirə Ədilovaya isə ayrıca təşəkkürlər. Həssas və diqqətli yanaşması, çevikliyi ayrıca vurğulanmalıdır. O baxımdan TƏBİB-in bəxti gətirib.

Daha bir təşəkkürü Xaçmazın Xudat şəhərindəki qaz idarəsinin məsullarına ünvanlamaq keçir könlümdən. Dekabrın soyuq günlərində yerli əhalidən müraciət daxil oldu ki, Qusarçay kənd məktəbində qaz xətti, istilikxana hazır olsa da istilik verilmir. Səbəb də qazın təmin edilməməsidir. Qaz idarəsindəki dostlarla əlaqə saxladım. Sağ olsunlar, bildirdilər ki, heç bir süni problem yoxdur, sadəcə müvafiq sənədləşmə işi həll edilməlidir. O da 1-2 gün çəkəcək. Doğrudan da dedikləri müddətdə məsələ həll edildi və Qusarçay məktəbliləri ilin son günlərində isti sinif otaqlarında dərs keçdilər. Bu baxımdan məsələyə bu qədər diqqətlə yanaşdıqları üçün qaz idarəsinin məsullarına təşəkkür edirəm.

Daha bir təşəkkürü isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlamaq keçir könlümdən. Qusarçaydan mənim doğma Dədəli kəndimə gedən yolun üstündə çoxillik (yüzillik-filan) ağaclar var. Onlar qorunur, göz oxşayır. Həmin ağaclardan birinin lap yüksəkdə iri bir budağı bir müddət öncə qırılaraq düz yolun üstünə sallanmışdı. İstər bir adamın, yaxud da maşının üzərinə düşsə, böyük fəlakət ola bilərdi. Ona görə də üz tutdum sözügedən Nazirlikdəki bizim adam İradə İbrahimovaya. Ağacın şəkillərini və koordinatı göndərdim. Dərhal əlaqə saxladı, bildirdi ki, Xaçmazın yaşıllaşdırma məsulları məsələni həll edəcək. Gün sona çatmamış artıq kəsilmiş təhlükə mənbəyinin şəklini şəxsimə göndərdi İradə xanım. Və beləcə mümkün bir faciənin qarşısı alındı. Belə çevik, həssas yanaşmaya görə o Nazirliyə, yaşıllaşdırma idarəsinə, hər şeydən öncə də İradə xanıma ürəkdən təşəkkür edirəm!

Sözügedən ağac əvvəl və sonra
Sözügedən ağac əvvəl və sonra

Bütün bunlar öz yerində, il ərzində bir xeyli bürokratiya-sənəd məsələlərim olub ki, onları da ən asan yolla ASAN xidmətdə həll etmişəm! Ruhum belə incimədən bu kağız-kuğuz məsələsini həll edərkən illər öncə – ASAN yoxkən bu yöndə qarşılaşdığım çətinlikləri – süni əngəlləri xatırlayıb dövlətimə çox minnətdar oldum 2023-də. Və əlbəttə ki, ASAN-dakı bizim adam Elnur Niftəliyevin öz işinə, vətəndaşlara xidmət vəzifəsinə necə məsuliyyətlə yanaşdığını ayrıca qeyd etmək istərdim. Onun şəxsinə, həm də bütün ASAN ailəsinə candan təşəkkürlər!

Bir də QHT Agentliyi, onun icraçı direktoru Aygün Əliyeva və bizimlə işləmiş əməkdaşlarına təşəkkür etmək keçir könlümdən. Bu qurum yola saldığımız il ərzində bir neçə dəfə mənim də xarici səfərlərimi dəstəklədi və BMT İnsan Haqları Şurasının toplantılarında Azərbaycanın səsini çatdırmaq üçün imkanım oldu. Bu baxımdan sözügedən Agentlik və onun təmsilçilərinə ürəkdən təşəkkür edirəm.

Təşəkkürlər bununla bitdimi? Bitməz təbii. Ötən ildə təşəkkür ediləcək o qədər insanlar, xidmətlər, dostlar var ki. Elə yuxarıda təqdim olunan örnəklərdən çıxış edərək bu təşəkkürlərimi həm də toplu halda onların hamısına yönəldirəm. Onların arasından polis orqanlarını da ayrıca qeyd edirəm. İlin sonuna doğru bir neçə məsələ olub ki, onların operativ həllində şanlı polisimiz həssaslıq və diqqət göstərib, bir vətəndaş olaraq şəxsən məni məmnun edib.

Nə deyim? Hər kəsə təşəkkürlər! İlimizi pozitiv etdiniz! Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla məhz onun bu uğurlu, pozitivlə dolu idarəetməçiliyi sayəsində bir vətəndaş kimi çox məmnunam ötən ildən! Heç şübhə etmirəm ki, artıq ilk saatlarını yaşadığımız 2024-də də təşəkkür qazanacaq şəxslərin sırası çox geniş olacaq.

Mission News Theme by Compete Themes.