Son yeniləmə: 8 Fevral 2024 20:49
Mehriban Abdullayeva: “Bu obrazda özümə çox yaxınlıq hiss edirəm və həmişə deyirəm ki, elə bil biz başqa ölkələrdə, başqa dövrlərdə yaşamış eyni ruhlu insanlarıq”
BAYRAQDAR MEDİA – Fevralın 16-sı saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Amerika yazıçısı Uilyam Lyusun “Zelda” əsəri əsasında hazırlanmış “İstədiyim kimi yaşamışam” monotamaşası nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, mərhum rejissor Ağakişi Kazımovdur. O, həm də tamaşada baş rolların ifaçısı, Əməkdar artist Mehriban Abdullayevanın həyat yoldaşı olub.
M.Abdullayeva tamaşanın hazırlandığı vaxta aid xatirələrini BAYRAQDAR MEDİA ilə bölüşüb: “İlk növbədə onu deyim ki, o vaxtlar Ağakişi müəllimi teatrdan uzaqlaşdırmışdılar. O isə teatr üçün, səhnə üçün çox darıxırdı. O zamanlar bizim keçmiş direktorumuz Mübariz Həmidov kiçik səhnədə tamaşa hazırlamaq üçün şərait yaratdı. Söhbət 2017-ci ildən gedir. Mən də düşündüm ki, bəlkə Ağakişi müəllim ilə bir tamaşa hazırlayaq. Həm onun başı qarışar, ürəyi açılar, həm də hiss edər ki, o, bu sənət üçün lazımlı adamdır. Bu fikrimi ona deyəndə bildirdi ki, sən əsər tap, bir yerdə işləyək. Çox əsərlərə baxdım, ürəyimə yatan bu əsər – Amerika yazıçısı U.Lyusun “Zelda” əsəri oldu. Əsər çox böyük idi, onu qısaltdıq. Biz əsərin üzərində işləyəndən sonra tamaşanın adını hadisələrin gedişatı ilə bağlı olaraq “İstədiyim kimi yaşamışam” qoyduq”.
Aktrisa A.Kazımovun tamaşa üçün çox böyük ürəklə işlədiyindən danışıb: “Ağakişi müəllim, səhhətində problem olsa da tamaşanı çox böyük ürəklə, həvəslə işlədi. Tamaşa oynananda isə çox böyük alqışla qarşılandı. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Ağakişi müəllimin son vaxtlarında onu bu tamaşa ilə sevindirə bildim. O, mənim üçün də bir yadigar qoyub getdi. Mən onsuz bu tamaşanı artıq bir neçə dəfədir oynayıram. Onun tamaşada oturduğu bir yer vardı. Mən də hər dəfə bu tamaşanı oynayanda rahat olurdum ki, o, zalda oturub məni izləyir. İndinin özündə də mənə elə gəlir ki, o, həmişəki yerində oturub oradan mənə baxır, məni ruhlandırır, mən də onun varlığını hiss edirəm”.
M.Abdullayeva “Zelda” obrazını özünə çox yaxın hiss etdiyini deyib: “Bu tamaşanın mənim həyatımda ayrı bir yeri var. Həmişə bu tamaşadan danışanda məni qəribə bir hiss bürüyür, özümdən asılı olmayaraq boğuluram, hətta ağlamaq istəyirəm. Həm də mən bu obrazı oynayanda orada özümə çox yaxınlıq hiss edirəm. Elə bil biz başqa ölkələrdə, başqa dövrlərdə yaşamış eyni ruhlu insanlarıq. Çox qəribədir ki, indiyədək oynadığım heç bir obrazda bunu hiss etməmişəm”.
Qeyd edək ki, tamaşa məşhur Amerika yazıçısı Frensis Skott Fitsceraldın xanımı Zelda Fitsceraldın ağrılı həyatından bəhs edir.