BAYRAQDAR MEDİA – Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Sonra Müdafiə Nazirliyində keçirilən görüşdə Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini deyib.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Z.Həsənov çıxışında qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib”.
Daha sonra xəbərdə, “göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu iki qardaş ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı eləcə də 15 ildir ki, davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb” deyə qeyd olunur.
Həmçinin xəbərdə deyilir ki, “sonra Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib. Səfər çərçivəsində türkiyəli nümayəndələr Hərbi Hava Qüvvələrində olub. Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla görüşüb”.
Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədi ilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.
Türkiyəli nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb.





