BAYRAQDAR MEDİA – Oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında “İnnab ağacı” tamaşasının (Azərbaycan dilində) premyerası olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Teatrın İkinci Dünya müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyinə həsr etdiyi “İnnab ağacı” tamaşası yeni və tam fərqli səhnə işidir. Tamaşa müharibə və insan taleyi haqqında həzin portret cizgilərlə zəngindir. Təsadüfi deyil ki, yetişən nəsillər qüdrətli sərkərdə, görkəmli hərbi xadim, tank qoşunları qvardiya general-mayorunun uşaqlıq illərindən, təhsil dövründən, döyüş yolundan anları teatrın sehr dolu təqdimatı ilə izləmiş olurlar. Beləcə nümunəvi ömrü peşəkar teatr prizmasından tamaşaya nail olurlar. Axı, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında onun müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar Azərbaycan hərb tarixinin ən şanlı səhifələridir”.
Daha sonra xəbərdə, “yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubundadır. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Səhnə işində obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Yusif Baxşəliyev və Araz Həsənli canlandırırlar” deyə bildirilir.
Musiqi tərtibatlı nümunədə unudulmaz qəhrəmanın məktubları və haqqındakı xatirələrdən də istifadə olunmaqla verbatim üsluba da nail olunub.





