Oktyabrın 19-da keçiriləcək seçkilər sadə bir siyasi proses deyil, həm KKTC-nin gələcək taleyini, həm də türk dünyasının Doğu Akdenizdəki varlığının qorunub-qorunmayacağını müəyyən edəcək bir seçim kimi tarixə düşəcək
BAYRAQDAR MEDİA – Son illər, xüsusilə də Azərbaycanın 5 il öncə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Türk dünyası şahlanış dövrünü yaşayır. Təsadüfi deyil ki, məhz həmin zəfərdən sonra imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə qardaşlığı strateji müttəfiqliyin ən üst səviyyəsinə qalxdı. Eyni zamanda, məhz bu zəfərdən güc alan türk dünyası inteqrasiya və birlik prosesini yeni, özü də ən məhsuldar mərhələyə daşıdı. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə TDƏŞ-in adı Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirildi. Bu, sadəcə bir ad dəyişikliyi deyil, yeni qlobal prosesdə türk dünyasının aparıcı və vahid bir mərkəz şəklində ön sıraya çıxması idi.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
777 seçki məntəqəsində ümumilikdə 218 min 313 seçici səs verə biləcək
Bu məqamda onu da qeyd edək ki, hazırda türk dünyası TDT-nin timsalında həm Qafqazda, həm Orta Asiyada, həm Avropada, həm də Doğu Akdeniz regionunda görünür, belə deyək “öz sözünü deyir”. Doğu Akdeniz demişkən, buradakı varlığmızın açarı, türk dünyasının Doğu Akdenizə açılan qapısı olan Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) iki gün sonra, oktyabrın 19-da növbəti cümhurbaşqanı seçkiləri keçiriləcək. KKTC tarixində sayca doqqizincu cümhurbaşqanı seçkisi olacaq bu proses, bir çox baxımdan tarixi əhəmiyyət kəsb edir. Bu barədə bir qədər sonra. Hələlik isə seçkilərlə bağlı bəzi statistik məlumatlara nəzər salaq.

Beləliklə, Kıbrıs türkləri oktyabırn 19-da keçiriləcək cümhurbaşqanı seçkilərində səs vermək üçün sandıq başına gedəcək. 2025-2030-cu illər dövründə fəaliyyət göstərəcək Cümhurbaşqanının müəyyən olunacağı bu seçkilərdə ölkə üzrə yaradılmış 777 seçki məntəqəsində ümumilikdə 218 min 313 seçici səs verə biləcək. Əgər ilk turda mütləq çoxluq təmin olunmazsa, ikinci tur 26 oktyabrda keçiriləcək.
9-cu seçkidə 8 namizəd
KKTC-nin Yüksək Seçki Kurulu (YSK) seçkilərdə səsvermə müddətinin saat 08:00-da başlanıb 18:00-da başa çatacağını elan edib.
KKTC tarixində sayca doqquzuncu olan bu seçkidə mübarizə aparan namizədlərin sayı isə 8-dir.
Bunlar Osman Zorba (Kıbrıs Sosialist Partiyası), Tufan Erhürman (Cümhuriyyətçi Türk Partiyası), Arif Salih Kırdağ (müstəqil), Ahmet Boran (müstəqil), Mehmet Hasgüler (müstəqil), İbrahim Yazıcı (müstəqil), Hüseyin Gürlek (müstəqil) və Ersin Tatardır (müstəqil).
Tarixdən bu günə KKTC cümhurbaşqanları
Onu da qeyd edək ki, KKTC-də cümhurbaşqanı seçkiləri birbaşa, ümumi seçki hüququ əsasında və gizli səsvermə yolu ilə keçirilir. 1983-cü ildən bu günə qədər vəzifə başında olmuş və hər bir haqqında aşağıda qısa məlumat təqdim etdiyimiz cümhurbaşqanları hər dövrün siyasi ruhunu və Kıbrıs siyasətinin istiqamətini əks etdiriblər:
Rauf Denktaş (1983–2005) – Qurucu Cümhurbaşqanı kimi 22 il vəzifə başında olub, Kıbrıs danışıqlarında türk tərəfinin ən güclü lideri kimi tarixə düşüb. Milli davadan bir an belə geri dönməyib.
Mehmet Ali Talat (2005–2010) – Həll yönümlü siyasət xətti izləsə də, Annan Planından sonra yeni diplomatik mərhələnin əsasını qoysa da, daha çox Avropayönümlü tutumu ilə fərqlənib. Türk dünyasına yaxınlıq məsələsinə isə soyuq yanaşıb. Yazı müəllifi olaraq bunu şəxsən cənab Talatın hakimiyyəti dövründə KKTC-yə səfərimizdə müşahidə etmişəm.
Derviş Eroğlu (2010–2015) – Daha çox millətçi, milli köklərə bağlı siyasət yürüdüb, Türkiyə ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Müstəqilllik üçün mübarizənin qəhrəmanlarından biri kimi tanınıb.
Mustafa Akıncı (2015–2020) – İki icmalı federasiya ideyasını müdafiə edib və Crans-Montana danışıqlarında mühüm rol oynayıb. O da türk dünyası deyil, Avropa sevdalısı kimi tanınır.
Ersin Tatar (2020–2025) – Türkiyə ilə tam uyğunluq içində iki dövlətli həll siyasətini ön plana çıxarıb. Ersin Tatar mərhum Rauf Denktaşın arzuladığı, lakin həyata keçirə bilmədiyi siyasəti həyata keçirir. Tam bir türk dünyası sevdalısı olan Ersin Tatar federasiya dəftərinin birdəfəlik qapadıldığını, Kıbrıs türkünün dövlət haqqının tanınmasından başqa yolun olmadığını bəyan edib. Ersin Tatar həm də bir Azərbaycan sevdalısı kimi də tanınır.
Kıbrıs türkü ayıq-sayıq olmalıdır
Bu seçkilərdə müstəqil namizəd, hazırki dövlət başçısı Ersin Tatar və CTP başqanı Tufan Erhürman favoritlər kimi önə çıxırlar. Lakin bu, sadəcə iki namizədin mübarizəsi deyil, müstəqilliklə yenidən rumun əsarətinə düşməkliyin, azad ölkə olmaqla hansısa federasiyada itib-batmağın, isti Türk ruhu ilə soyuq Avropa sevgisinin mübarizəsidir. Bəli, düz anladınız, burada birinci məqamı Ersin Tatar, ikinci məqamı isə Tufan Erhürman təmsil edir.
Seçkiöncəsi Kıbrısdan olan bacı-qardaşlarımıza, KKTC seçicilərinə bir Kıbrıs sevdalısı, KKTC-ni də Azərbaycan qədər sevən birisi olaraq ürək yanğısı ilə etdiyim çağırış xarakterli bu yazımızda Tufan Erhürman haqqında geniş bir şeylər yazmaq istəmir. Onsuz da apardığım müşahidələr onu deməyə əsas verir ki, Tufan Erhürman da Mehmet Ali Talat və Mustafa Akıncı kimi türk dünyasından çox, özü də lap çox uzaq bir siyasətçidir.

Ersin Tatara gəlincə, ətraflı fikirlər keçməzdən öncə 2025-ci il iyulun 4-də yazdığım “Dr.Fazil Küçük – Rauf Denktaş – Ersin Tatar” başlıqlı köşəmdən bir neçə cümləni xatırlatmaq istəyirəm: “Necə ki, zamanında Dr. Fazil Küçük, Rauf Raif Denktaş Kıbrıs türkünün var olma mübarizəsinə liderlik edirdi, indi də bu mübarizənin diplomatik müstəvidə davam üçün Ersin Tatar uğurlu liderlik edir. Yəni, Ersin Tatar bu günkü mübarizənin önündədir. O, yalnız bir lider deyil, Dr. Fazil Küçük və Rauf Denktaşın mirasını daşıyan bir davamçıdır.”
Məlumat üçün bildirək ki, Ersin Tatar Kıbrıs türklərinin dövlətçilik haqqının tanınması üçün ilk gündən mübarizə aparır. İki dövlətli həll siyasəti məhz onun Cümhurbaşqanlığı dövründə gündəmə gəlib. Məhz E.Tatar bu siyasəti beynəlxalq platformalarda müzakirə masasına gətirib. 1968-ci ildən 2020-ci ilə qədər müzakirə edilən federasiya modelinin heç br uğur qazanmayacağı tam çılpaqlığı ilə ortaya çıxıb.
Məhz Ersin Tatarın türk dünyası ilə bağlı çabaları fonunda, Azərbaycan da daxil olmaqla bir çox ölkə KKTC ilə əlaqələrə qapı açıb, KKTC TDT-nin müşahidəçi üzvü qəbul edilib. Ən əsası, Türk Dövlətləri Təşkilatının Qəbələdəki son toplantısına E.Tatar KKTC Cümhurbaşqanı kimi qatılıb.
Beləliklə, Türkiyənin dəstəyi və Ersin Tatarım misilsiz çabaları sayəsində artıq türk dünyası KKTC-yə qucaq açıb. Eyni zamanda, Azərbaycanın, Prezident İlham Əliyevin dəstəyi və prinsipial mövqeyi sayəsində KKTC TDT-də öz yerini tutmaqdadır.
İki dövlətli həlli xalqın 70 faizi dəstəkləyir
Bütün bunları əsas götürsək, deyə bilərik ki, oktyabrın 19-da olacaq seçkilər sadə bir siyasi proses deyil, həm KKTC-nin gələcək taleyini, həm də türk dünyasının Doğu Akdenizdəki varlığının qorunub-qorunmayacağını müəyyən edəcək bir seçim kimi tarixə düşəcək. İndiki halda aparılan rəy sorğuları onu deməyə əsas verir ki, seçkilərdə türk dünyası sevdalısı, müstəqillik amallı xətt qalib gələcək.

Belə ki, baş nazir Ünal Üstelin mediaya müsahibəsində dediyi kimi, xalqın 70 faizi iki dövlətli həll prinsipini müdafiə edir. Deməli, Baş nazirin bu fikrindən yola çıxaraq, nəticələri təxmin etmək olar. O mənada ki, iki dövlətli həll siyasətinin bir nömrəli aparıcısı Cümhurbşqanı Ersin Tatardır və deməli seçicilərin böyük qismi ona səs verəcək. Digər yandan Ulusal Birlik Partiyası (UBP) ilə yanaşı Yenidən Doğuş Partiyası (YDP) və Demokrat Partiya (DP) da Tatarı dəstəkləyir.
Nəhayət, sonda bir daha KKTC-dən olan bacı-qardaşlarımıza müraciət edirəm.
Oktyabrın 19-da seçki qutusu önündə yaxşı-yaxşı düşünün. Səs verəndə yaxşı-yaxşı düşünün.
Düşünün ki, ötən əsrin 60-70-cı illərində sizə qarşı yaşanan vəhşilikər bir daha yaşanmasın.
Elə namizədə səs verin ki, Kıbrıs türkü bir daha kölə olmaq, yox olmaq, məhv olmaq təhlükəsi ilə üzləşməsin.
Elə namizədə səs verin ki, KKTC TÜRK DÜNYASIndan ayrı düşməsin.
Elə namizədə səs verin ki, o, Sizi azad və qürurlu bir ölkənin vətəndaşı kimi sabaha apara bilsin.
Və sonda, “Kıbrısın quzeyinin də AB-yə üzv qəbul ediləcəyi nağılları” ilə KKTC seçicisini aldatmağa çalışan namizədlərə inanamayın. Çünki, KKTC xarici işlər naziri, dəyərli dostumuz Tahsin Ertuğruloğlunun da bəyan etdiyi kimi Avropa Birliyinin mövqeyinə görə adada yalnız bir dövlət tanınır, quzeyin AB-yə daxil ola bilməsi üçün isə KKTC ləğv edilməlidir.
İndi isə yazıma bu sözlərlə nöqtə qoyuram – dəyərli KKTC seçicisi Sən ölkənin yox olmasını istəmirsənsə o zaman müstəqilliyə, azadlığa hə, Kıbrıs türkülnün varlığına son qoyacaq federasiyaya yox de.







