BAYRAQDAR MEDİA – Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU-nun rektoru Elçin Babayev iştirak edib. E.Babayev bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb. Tədbirdə çıxış edən C.Mirzəyev isə bu əməkdaşlığı tarixi hadisə adlandırıb”.
Sonra xəbərdə, “imzalanma mərasimindən sonra BDU-nun nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən “Kapital Bank otağı”nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bankın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər” deyə bildirilir.
Qeyd olunmalıdır ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bankın Azərbaycanın bir sıra aparıcı universitetlərində də “Kapital Bank otaqları” fəaliyyət göstərir. Bu otaqlarda tələbələrin peşəkar və şəxsi inkişafına müsbət təsir edən layihələr həyata keçirilir.





