Press "Enter" to skip to content

Professorun biblioqrafik göstəricisi nəşr olunub

Professorun biblioqrafik göstəricisi nəşr olunub

BAYRAQDAR MEDİA – Biologiya sahəsində tanınmış alim, AR ETN Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, biologiya elmləri doktoru, Prof. Saleh Məhərrəmovun 60 illik yubileyi münasibətilə elmi işlərinin biblioqrafik göstəricisi nəşr olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in tərtibatında işıq üzü görən biblioqrafik göstərici S.Məhərrəmovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir. Professorun tədqiqatları Azərbaycan florasında geniş yayılan bitkilərin antihelmint təsirlərinin öyrənilməsi və Naxçıvan MR-in helmint faunasının araşdırılması məsələlərini əhatə edir. Alimin elmi tədqiqatlarının nəticələri 199 elmi əsərdə, o cümlədən 4 monoqrafiya, 3 dərslik, 1 dərs vəsaiti, 1 metodik vəsait, 2 təklif-tövsiyə, 6 proqram, 182 məqalədə öz əksini tapıb. Bəzi elmi əsərləri Almaniya, Rusiya, Türkiyə və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 1 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub”.

Daha sonra xəbərdə, “S.Məhərrəmov 2013- 2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb və uzun illər həmin universitetdə fəaliyyət göstərmiş Dissertasiya şurasının sədri olub. Hazırda AR ETN Genetik Ehtiyatlar İnstitutunun nəzdindəki Dissertasiya şurasının sədr müavinidir, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində pedaqoji fəaliyyətini davam etdirir. O, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, Əməkdar elm xadimi fəxri adına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” medalına layiq görülüb. AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Afət Məmmədovadır. Biblioqrafiya zoologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub” deyə bildirilir.

Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.